Mobil telefonlar beyin xərçəngi riskini artırır?

Maraqlı

05.09.2024 09:47

Alimlər mobl telefonların istifadəsi ilə beyin xərçəngi arasında heç bir əlaqə tapmayıblar. 

TodayPress xəbər verir ki, bu barədə “HealthDay”  məlumat yayıb. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sifarişi ilə alimlər 1994-2022-ci illər arasında dərc edilmiş beş min araşdırmanı təhlil ediblər. 

Onlar simsiz elektronikadan (mobil telefonlar da daxil olmaqla) radiotezliklərə məruz qalmağın beyin xərçənginin inkişaf şansını artırıb-artmadığını müəyyən etməyə çalışıblar.

Müəlliflər 63 araşdırmaya diqqət yetiriblər. Onlar hətta uzun müddətli (10 il və ya daha çox) və ya tez-tez cib telefonlarından istifadə ilə xərçəng riskinin artmadığını aşkar ediblər. 

Alimlər qeyd ediblər ki, 3G və 4G şəbəkələri köhnə şəbəkələrə nisbətən xeyli az radiotezlik radiasiyası yaradır. 5G şəbəkələri ilə bağlı hələ ciddi araşdırmalar aparılmayıb, lakin oxşar tezliklərə malik radarların xərçənglə əlaqəsi göstərilməyib. Bundan əlavə, mobil telefon qüllələrinin sayının artırılması bu rabitə vasitələrinin buraxdığı radiasiyanın miqdarını azaldır, çünki onlar üçün siqnalları qəbul etmək asanlaşır.

Qeyd edək ki, mobil rabitə ilə bağlı narahatlıqlar ilk dəfə 2011-ci ildə ÜST-ün Xərçəng üzrə Beynəlxalq Tədqiqat Agentliyi radio dalğalarına məruz qalmağı insanlar üçün mümkün kanserogen kimi təsnif etdikdən sonra yaranıb. Bu qərar məhdud məlumatlara əsaslanıb. 

Günəş Mərd

tag: Mobil Telefonlar ,Alimlər ,Zərər ,Xəstəlik ,Ümumdünya Səhiyyə Təşkilatı ,todaypress.az,