Milyonlarla çinli qadına əzab verən ənənə: Ağrılara baxmayaraq...
Çin tarixində qadın gözəlliyinin ən ekstremal göstəricilərindən biri kimi tanınan “ayaq bağlama” adəti min ildən artıq davam edib. Bu praktikaya əsasən, qız uşaqlarının ayaqları kiçik yaşdan başlayaraq bükülüb və xüsusi sarğılarla bərkidilərək kiçik ölçüdə saxlanılıb. Məqsəd isə qadının ayaqlarının “ideal” – yəni cəmi 7,5 santimetr ölçüsündə olması idi.
TodayPress xəbər verir ki, bu adətin 10-cu əsrdə başladığı bildirilir.
Əfsanəyə görə, imperator Li Yunun sarayında balerina Yao Niang aypara formasında bükülmüş ayaqları ilə ipək lentlərin üzərində incə bir rəqs nümayiş etdirib.
Bu qeyri-adi rəqs və kiçik ayaqlar imperatorun o qədər xoşuna gəlib ki, saraydakı digər qadınlar da onun diqqətini çəkmək üçün Yao Niangı təqlid etməyə başlayıblar.
Bundan sonra ayaq bağlama Çində aristokrat qadınlar arasında sürətlə yayılıb və zamanla cəmiyyətin bütün təbəqələrinə keçərək, qadın gözəlliyinin və evlilik üçün cəlbediciliyin əsas göstəricilərindən birinə çevrilib. Ayaq bağlama prosesinə adətən qız uşaqları dörd yaşına çatdıqda başlayıblar.
Bu yaşda sümüklər hələ tam sərtləşmədiyi üçün daha asan formalaşdırıla bilir. Proses əvvəlcə ayaq barmaqlarının arxaya doğru bükülməsi, daha sonra ayağın altına doğru basdırılaraq dabanla birləşdirilməsi və möhkəm sarğılarla bərkidilməsindən ibarət olub.
Sarğılar nəm saxlanırdı ki, barmaqlar infeksiya nəticəsində çürüyərək düşsün və ayaq daha da qısalsın.
Qızlar bu ağrılı prosesə illərlə dözməli olublar. Bu zaman ayaqda infeksiyalar, sümük sınıqları və qanqren hallarına tez-tez rast gəlinib. Ayaq bağlama nəticəsində qadınların normal yerimə qabiliyyəti məhdudlaşsa da, bu, o dövrdə zəriflik və itaətkarlığın simvolu hesab olunub. Kiçik ayaqların ölçüsünə görə qadınlar kateqoriyalara ayrılıb.
Ən prestijli və arzuolunan ölçü 7,5 sm olub və bu ölçüyə sahib ayaqlar “qızıl zanbaq” adlandırılıb.
10,15 sm-lik ayaqlara “gümüş zanbaq”, daha böyük ölçülərə isə “dəmir zanbaq” deyilib və bu qadınlar evlilik baxımından daha az cəlbedici sayılıblar.
19-cu əsrin sonlarında Çindəki bu adət tənqidə məruz qalıb. Tibb mütəxəssisləri bu praktikanın qadın sağlamlığı üçün təhlükəli olduğunu vurğulayıb, intellektuallar isə qadının hüquqlarına və azadlığına zidd olduğunu bildiriblər.
1912-ci ildə Çin Respublikasının qurulması ilə bu adət rəsmi olaraq qadağan edilib, lakin bəzi kənd yerlərində 1940-cı illərə qədər davam etdirilib. 1990-cı illərdə aparılan araşdırmalarla bəzi yaşlı qadınların hələ də bu adəti davam etdirdiyi üzə çıxıb.
Ayaq bağlama adəti təkcə bir gözəllik meyarı deyil, qadın bədəninə və azadlığına nəzarətin mədəni forması idi. Ənənə, tarix boyu bədən estetikasının necə təhlükəli meyllərlə müşayiət oluna biləcəyinin acı nümunəsidir.
Nicat Osman
tag: Çin,Qadınlar,Ənənə,Əzab,Todaypress.az,