Meymunlarda insan xüsusiyyətləri aşkar edildi
Alimlər Ugandadakı Budonqo meşəsində vəhşi şimpanzelərin unikal davranışını izləyiblər. Belə ki, heyvanlar təkcə öz yaralarını deyil, həm də digərlərinin yaralarını dərman bitkiləri ilə müalicə ediblər.
TodayPress xəbər verir ki, bu kəşf "Frontiers in Ecology and Evolution" jurnalında dərc olunub.
Tədqiqat Sonso və Vaibira adlı iki şimpanze qrupunu əhatə edib. Dörd ay ərzində 41 yara sağalması müşahidə olunub, bunlardan 7-si başqa şimpanzelərə edilən yardım hallarıdır.
Şimpanzelər yaralarını yalayıb, çeynənmiş yarpaqları çəkir və bədənlərinin müxtəlif nahiyələrini yarpaqlarla təmizləyiblər. Bu bitkilərin bəziləri iltihabəleyhinə və sağaldıcı təsirə malikdir və insanlar tərəfindən də ənənəvi təbabətdə istifadə olunur.
Ən maraqlısı isə odur ki, şimpanzelər yalnız qohumlarına və ya dostlarına yox, bəzən genetik əlaqəsi olmayan digər üzvlərə də yardım ediblər.
Alimlərin fikrincə, bu davranış onların başqalarının ağrı və əzabını hiss etdiyini göstərir.
Tədqiqatçılar bildirirlər ki, bu cür tibbi davranış insanın meydana çıxmasından çox əvvəl, təkamülün daha erkən mərhələlərində formalaşmış ola bilər.
Onlar bu davranışın nə qədər geniş yayıldığını və hansı şəraitdə baş verdiyini öyrənmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
Türkan İsgəndərli
tag: Şimpanze,Meymun,İnsan,