Meymunçiçəyi nədir və necə yayılır? - ÜST fövqəladə vəziyyət elan etdi

Maraqlı

16.08.2024 13:35

Son günlər beynəlxalq KİV-də yenidən pandemiyanın olacağı ilə bağlı xəbərlər yer alır. Sürətlə yayılan meymunçiçəyi virusuna görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə hal elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 min 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

Bəs bu virusdan qorunmaq üçün nə etmək lazımdır?

TodayPress xəbər verir ki, virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri on Afrika ölkəsində epidemiya şəklində yayılıb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarında insanlara çöl itlərindən keçməklə qeydə alınıb.

Xəstəlik ilkin olaraq özünü qızdırma kimi göstərir. Daha sonra baş və əzələ ağrıları ilə davam edir. Qızdırmadan bir neçə gün sonra isə səpgilər əmələ gələrək bədənə yayılır. Bu zaman olduqca diqqətli olmaq lazımdır. Çünki ehtiyatsız davranıldığı təqdirdə pnevmaniya əmələ gələ bilər ki, bu zaman ölüm riski daha yüksək olur. Səpgilər həddindən çox qaşıntılı olduğundan daha sonra izlərin qalması da mümkündür.

Bu virus yoluxucudur, bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil olur. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti, paltardan da keçə bilər.

Meymunçiçəyinin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaqla epidemiyanın da qarşısını almaq olar.   

Qeyd edək ki, Səhiyyə Nazirliyindən verilən məlumatlara əsasən Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır.

Töhfə Səməd

tag: Meymunçiçəyi,ÜST, Virus,Azərbaycan, todaypress.az,