Kosmosa turist uçuşları başladı
Amerikalı milyarder Cef Bezosun təsisçisi olduğu "Blue Origin" şirkəti "NS-31" missiyası çərçivəsində həyata keçirdiyi növbəti kosmik turist uçuşunu uğurla tamamlayıb.
TodayPress xəbər verir ki, uçuşun canlı yayımı şirkətin rəsmi saytında təqdim olunub.
Bu, "New Shepard" raketinin 31-ci ümumi uçuşu, həmçinin şirkətin ilk tam qadınlardan ibarət ekipajla reallaşdırdığı suborbital turist missiyası olub. Uçuşda iştirak edənlər arasında məşhur müğənni Keti Perri, "Blue Origin"in təsisçisi Cef Bezosun nişanlısı Loren Sançes, televiziya aparıcısı Geyl Kinq, keçmiş "NASA" mühəndisi Eyşa Bouv, bioastroanavtika üzrə mütəxəssis Amanda Nquyen və film prodüseri Kerinn Flinn yer alıblar.
"Blue Origin" nümayəndələrinin açıqlamasına görə, bu uçuş 1963-cü ildə SSRİ-nin qadın kosmonavtı Valentina Tereşkovanın missiyasından bəri ilk tam qadın heyətli kosmik uçuş olub.
Təxminən 10-12 dəqiqə davam edən suborbital səyahət zamanı kapsulda olan 6 iştirakçı bir neçə dəqiqə çəkisizlik vəziyyəti yaşamış və Yer kürəsini kosmosun qaranlıq fonunda müşahidə etmək imkanı qazanıblar. Uçuşdan sonra kapsul uğurla Yerə enib.
Qeyd edək ki, "Blue Origin" suborbital kosmik turizm bazarında "Virgin Galactic" ilə rəqabət aparır. "Virgin Galactic"də biletin qiyməti təxminən 600 min dollar təşkil edir. "New Shepard" uçuşlarının biletlərinin dəqiq qiyməti isə hələ açıqlanmayıb.
Töhfə Səməd
tag: Blue Origin,NASA,Keti Perri,Cef Bezos,NS-31,todaypress.az,