Körpələr öz xatirələrini kodlaşdıra bilirlər

Maraqlı

24.03.2025 12:00

862

Yeni bir araşdırma uşaqlıq yaddaşı haqqında əvvəlki düşüncələri təkzib edir. 

TodayPress “Science” jurnalında yayımlanan tədqiqata istinadən xəbər verir ki, körpələrdə erkən yaşlardan etibarən xatirələr formalaşır, lakin sonradan onlar ya uzunmüddətli yaddaşda saxlanılmır, ya da əlçatmaz olur.

Bu “uşaqlıq amneziyası” kimi tanınır. İnsanlar erkən dövrdə sürətlə öyrənsələr də, o yaşda baş verən hadisələri sonradan xatırlamırlar. Yel Universitetinin professoru Nik Terk-Braunun rəhbərlik etdiyi qrup bu prosesi daha yaxşı başa düşmək üçün illərdir inkişaf etdirdiyi metodlardan istifadə edib.

Araşdırmada 26 körpə (onların yarısı bir yaşdan kiçik) iştirak edib. Təcrübə zamanı körpələrə fərqli şəkillər, üzlər, səhnələr və əşyalar göstərilib. Daha sonra onlara əvvəl gördükləri görüntülər yeniləri ilə yanaşı təqdim edilib. Beyin aktivliyi izlənilib və hippokampusun (yaddaşın formalaşmasına cavabdeh olan beyin bölgəsi) bu prosesdə necə iştirak etdiyi analiz edilib.

Nəticələr göstərib ki, 1 yaşdan yuxarı körpələrin əksəriyyəti yaddaş formalaşdıra bilir, lakin 1 yaşdan kiçiklərdə bu proses qeyri-sabitdir. Xatirələri daha yaxşı saxlayan uşaqlarda “hippocampus” daha aktiv olub.

Araşdırma bu sualı tam cavablandırmasa da, alimlər hesab edir ki, bu xatirələr ya uzunmüddətli yaddaşa köçürülmür, ya da saxlanılsa belə, müəyyən yaşdan sonra əlçatmaz olur.

Terk-Braun və komandası hazırda körpələrin və azyaşlı uşaqların öz baxış bucaqlarından çəkilmiş videoları daha sonralar tanıyıb-tanımayacaqlarını araşdırır. İlk nəticələr göstərir ki, bu xatirələr təxminən 3 yaşa qədər saxlanılır, sonra isə zəifləyir.

Alimlər xüsusilə bu erkən xatirələrin daha sonrakı dövrlərdə bərpa oluna biləcəyinə dair ehtimalları araşdırmağa davam edirlər. Bu kəşf yaddaşın işləmə mexanizmini və uşaqlıq illərinin insan psixikasına təsirini daha yaxşı anlamağa kömək edə bilər.

Qiymət Mahir

tag: Alimlər,Araşdırma,Yaddaş,Körpə,todaypress.az,