Kiçik obyektləri dəqiq görmək mümkün olacaq
Çində alimlər 1 kilometrdən çox məsafədə kiçik detalları aydın şəkildə ayırd etmək üçün yeni sistem hazırlayıblar.
TodayPress xəbər verir ki, bu barədə "Physical Review Letters" yazıb.
Yeni texnologiya iki teleskop, lazer və kompüterdən ibarətdir. Alimlər bildirirlər ki, adətən uzaq obyektlərə baxarkən atmosferin titrəməsi görüntünü pozur. Lakin onlar lazer şüasını səkkiz ayrı hissəyə bölərək, bu problemi kompüter vasitəsilə aradan qaldırıblar.
Kompüter hər şüanın atmosferdən keçərkən aldığı təhrifləri müqayisə edir və bununla da görüntünü təmizləyir. Bu üsul sayəsində alimlər 1,36 kilometr məsafədən cəmi 8 millimetr ölçülü hərfləri belə aydın şəkildə görə biliblər.
Yeni texnologiya adi teleskoplardan 14 dəfə daha dəqiq nəticə verir. Alimlər hesab edirlər ki, bu üsul kənd təsərrüfatında zərərvericiləri aşkar etməkdə və kosmosdakı kiçik tullantıları izləməkdə faydalı ola bilər.
Türkan İsgəndərli
tag: Teleskop,Lazer,kompüter,Cisim,todaypress.az,