Kainatın ən böyük qalaktikalarının mənşəyi məlum oldu
Maraqlı
07.12.2024 18:40
“Sauthempton” Universitetinin və Çin Elmlər Akademiyasının alimləri Kainatdakı ən böyük qalaktikaların mənşəyini açıqlayıblar.
TodayPress xəbər verir ki, onlar kainatda ilk nəhəng elliptik qalaktikaların necə əmələ gəldiyini araşdırıblar.
Nəticədə məlum olub ki, şişirdilmiş futbol toplarına bənzəyən nəhəng qalaktikalar Kainatın əvvəlində disk qalaktikalarının toqquşması nəticəsində yaranıb. Bu toqquşmalar trilyonlarla yeni ulduzun yaranmasına səbəb olub. Bu cür hadisələr 8-12 milyard il əvvəl, kainatın daha aktiv fazada olduğu zaman baş verib.
Alimlər həmçinin “A3COSMOS” və “A3GOODSS” arxiv layihələrinin məlumatlarından istifadə ediblər ki, bu da onlara uzaq qalaktikaların yüksək keyfiyyətli müşahidələrini toplamağa imkan verib. Gələcəkdə onlar bu məlumatları “JWST” və “Evklid” peyklərinin göyərtəsindəki teleskoplardan, eləcə də Çin Kosmik Stansiyasından əldə edilən nəticələrlə birləşdirmək niyyətindədirlər.
Bu kəşfə nail olmaq üçün elm adamları Çilidə yerləşən ən böyük radioteleskop “ALMA”dan istifadə etməklə yanaşı, aktiv ulduz əmələ gəlməsinin baş verdiyi 100-dən çox qalaktikanı təhlil ediblər. Araşdırmalar göstərib ki, bu qalaktikaların nüvəsində ulduzların əmələ gəlməsinin intensiv epizodları baş verir ki, bu da nəhəng elliptik qalaktikaların əsasını təşkil edən sferoidlərin əmələ gəlməsinin birbaşa sübutudur. Bu proseslər bizim qalaktikamızdan onlarla, hətta yüzlərlə dəfə sürətlə baş verir.
Töhfə Səməd
tag: Ulduz, Aktiv, Proses, Kainat, todaypress.az,