Göbələk həyat keyfiyyətinizi artıra bilər
Maraqlı
21.07.2024 05:00
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın müalicəsində faydalı ola biləcəyini düşünürlər.
TodayPress “The İndependent” nəşrinə istinadla xəbər verir ki, müəyyən göbələklərin beynin bəzi hissələrinə təsiri həftələrlə davam edə bilər.
Bu yaxınlarda aparılan bir
araşdırma bu göbələklərin tərkibindəki “psilosibin” adlı maddənin
iştahasızlığın müalicəsində istifadə oluna biləcəyini müəyyənləşdirib.
“Psilosibin”in beyinə təsiri
ilə bağlı təcrübələr heyvanlar üzərində aparılsa da, maddənin sağlamlıq məqsədləri
üçün istifadə edilib-edilməməsinə qərar vermək üçün insanlar üzərində də tədqiqatlar
aparılmalıdır. “Nature” jurnalında dərc edilən araşdırmada alimlər 7 sağlam
insanın iştirakı ilə təcrübə apararaq bu istiqamətdə mühüm addım atıblar.
Tədqiqatçılar bəzi könüllü
iştirakçılara 25 milliqram “psilosibin”, digərlərinə isə ritalinin xammalı olan
40 milliqram metilfenidat veriblər. İştirakçılara hansı maddəni qəbul etdikləri
bildirilməyib. Bir neçə həftədən sonra əvvəlcə “psilosibin” qəbul edənlərə
metilfenidat, metilfenidat qəbul edənlərə isə “psilosibin” verilib. Hər iki
maddə stimullaşdırıcı olsa da, nəzarət vasitəsi kimi psixi effekt yaratmayan
ritalindən istifadə edilib. Alimlər müşahidə ediblər ki, “psilosibin” beynin
standart şəbəkəsi adlanan bölgəsində sinxronizasiya itkisinə səbəb olur.
Metilfenidat qəbul edənlərdə belə təsir müşahidə olunmayıb. Şüurun müəyyən bir
işə fokuslanmadan sərbəst düşündüyü zaman aktivləşən bu bölgə zaman və məkan
qavrayışı ilə bağlı olmaqla yanaşı, mənlik duyğusunun yaradılmasında da rol
oynayır. Araşdırmanın həmmüəllifi professor Joshua Siegel bildirib ki, bu,
“psilosibin”in ən çox dəyişdiyi şəbəkə idi:
“Bu, əslində, psixi təcrübə, yəni
eqonun əriməsi və məkan-zamanın təhrif olunmuş qavrayışı haqqında düşündüyümüzə
uyğun gəlir. İştirakçılar ayıldıqdan sonra təsirlər azalsa da, standart şəbəkə
ilə yaddaş və duyğularla əlaqəli beyin bölgəsi arasında ən azı üç həftə davam
edən koordinasiyada azalma var”
Nəticələrin əvvəlki
araşdırmalarla uyğunlaşdırıldığını deyən professor J.Siegel əlavə edib ki,
“psilosibin” depressiyanın müalicəsində bu şəkildə fayda verə bilər:
“Maddə beyni daha çevik və dəyişməyə açıq hala gətirərək müalicənin qapısını aça bilər. Sinxronizasiyanın itirilməsinin depressiyaya məruz qalmış xəstələrə daha dinamik beyin əlaqələrini bərpa etməyə imkan verən sıfırlama kimi çıxış edə biləcəyi təklif olunur. Digər tərəfdən, nəticələrə ehtiyatla yanaşmaq faydalıdır”.
tag: İndependent, Göbələk, Depressiya, Psilosibin, todaypress.az,