Fillərin səyahətlərini necə planlaşdırdıqları məlum oldu

Maraqlı

26.03.2025 19:22

2636

Oksford Universiteti, Almaniya İnteqrativ Biomüxtəliflik Araşdırmaları Mərkəzi və Yena Universitetinin alimləri, Afrika fillərinin daha az enerji sərf etməyə imkan verən hərəkət istiqamətləri seçdiklərini aşkar edən bir araşdırma aparıblar.

TodayPress xəbər verir ki, bu barədə məlumat “Journal of Animal Ecology” jurnalında dərc olunub.

Bildirilib ki, tədqiqatçılar Keniyanın şimalında 22 il ərzində izlənilən 157 filin “GPS” izləmə məlumatlarını təhlil ediblər. 

Alimlər filin bədən kütləsini və relyefini, həmçinin bitki örtüyü və su hövzələri haqqında peyk məlumatlarını nəzərə alan “ENERSCAPE” qabaqcıl riyazi modelindən istifadə ediblər.

Bu hərtərəfli təhlil fillərin hərəkətlərini proqnozlaşdırmağa və onları qorumaq üçün strategiyalar hazırlamağa kömək edib. Təhlillər göstərib ki, fillərin 94%-i sıldırım yamaclardan və nahamar ərazilərdən qaçır, 93%-i isə çoxlu bitki örtüyü olan əraziləri seçir. 

Araşdırma həmçinin fillərin hərəkət sürətindən asılı olaraq daha diqqətli istiqamət seçdiklərini üzə çıxarıb. Yavaş hərəkət etdikdə onların 74%-i çətin relyefdən qaçır.

Bu göstərici orta sürətlə hərəkət edərkən 87%, yüksək sürətlə isə 93%-ə çatır. Bu, fillərin enerji itkisi və yol uzunluğu arasında balans qurmağa çalışdıqlarını sübut edir.

Tədqiqatçılar bildirirlər ki, əldə edilən nəticələr optimal qoruqların və miqrasiya dəhlizlərinin yaradılmasına töhfə verə bilər. Bu, fillərin daha yaxşı qorunmasına kömək edəcək.

Bundan əlavə, onların enerji xərclərini anlamaq, iqlim dəyişikliyinin davranışlarına necə təsir edəcəyini proqnozlaşdırmağa imkan verəcək.

Aysel Mətləb

tag: Fil,Afrika,Səyahət,Planlaşdırma,GPS,Todaypress.az,