Eşitmə qabiliyyətini yaxşılaşdırmaq üçün qeyri-adi üsul
Maraqlı
10.10.2024 16:20
Alimlər aşkar ediblər ki, vagus sinirinin aktivləşdirilməsi siçanlarda eşitmə qabiliyyətini yaxşılaşdıra bilər.
TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Nature Neuroscience” (NatureNeuro) jurnalında dərc olunub.
Vagus siniri bədəndəki ən böyük və ən mürəkkəb sinirlərdən biridir. Beyin və daxili orqanlar arasında siqnal ötürür. Vagus sinirinin stimullaşdırılması bütün dünyada epilepsiya, autizm, hiperaktivlik pozğunluğu və bir çox başqa xəstəliklərin müalicəsində istifadə olunur.
Tədqiqatın birinci mərhələsində alimlər 38 siçana musiqi tonlarını ayırd etmək üçün təlim keçiblər. Heyvanlar sınaqlara vərdiş edənə qədər öyrədilib. Bundan sonra gəmiricilər iki qrupa bölünüb - birincisi vagus sinirinin stimullaşdırılması prosedurundan keçib, ikincisi isə belə bir müdaxiləyə məruz qalmayıb.
Təcrübələr davam etdirilib. Əksər sınaqlarda birinci qrupdan olan heyvanlar stimullaşdırmadan əvvəlkindən 10% daha az səhvə yol veriblər.
Tədqiqatçılar müəyyən ediblər ki, vagus sinirinin aktivliyinin artması ön beyin bölgəsində aktivliyi artırır. Bu prosedur həm də beynin eşitmə qabığının neyrooplastikliyini artırır.
Alimlər bildiriblər ki, vagus sinirinin stimullaşdırılması insanlarda da təsirli ola bilər.
Belə bir müdaxilə musiqi qabiliyyətlərini yaxşılaşdırmaq və eşitmə qavrayışını inkişaf etdirmək potensialına malikdir. Bu, eşitmə qabiliyyətini bərpa edən cihazlara tətbiq oluna bilər.
Günəş Mərd
tag: Alimlər,Vagus ,Tədqiqat,Eşitmə,Əngəl,todaypress.az,