Ekstraqalaktik qəhvəyi cırtdanlar kəşf edildi
Maraqlı
25.10.2024 15:00
Beynəlxalq astronomlar qrupu Kiçik Magellan Buludunda yerləşən gənc ulduz çoxluğu “NGC 602”ni müşahidə etmək üçün “Webb Kosmik Teleskopu”ndan istifadə edib. Onlar Süd Yolu xaricində ilk qəhvəyi cırtdanları kəşf ediblər.
TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “The Astrophysical Journal”da dərc olunub.
Qəhvəyi cırtdanlar ulduzlardan daha yüngül və Yupiter kimi qaz nəhənglərindən daha ağırdır. Buna isə ulduzaltı obyektlər deyilir.
Müşahidələr 2023-cü ilin aprelində aparılıb. Alimlər əsas diqqəti çoxluqdakı gənc ulduzların və ulduzaltı obyektlərin, eləcə də onları əhatə edən qaz və toz strukturlarının öyrənilməsinə yönəldiblər ki, bu da onlara qəhvəyi cırtdan namizədləri müəyyən etməyə imkan verib.
Nəticələr göstərir ki, “NGC 602”də təkcə ulduzlar deyil, həm də ulduzaltı obyektlər əmələ gəlir. Müəyyən edilmiş qəhvəyi cırtdanların kütləsi hidrogenin yanma həddindən aşağıdır ki, bu da onların ulduzlarla eyni ssenari üzrə əmələ gəldiyi fərziyyəsinə uyğundur. Lakin termonüvə reaksiyalarını alovlandırmaq üçün kifayət qədər kütlə toplaya bilmədikləri üçün ulduz kimi formalaşa bilmir, ulduzaltı obyekt olaraq qalırlar.
Alimlər bildirir ki, Süd Yolundan kənarda ilk qəhvəyi cırtdanların kəşfi Kainatın təkamülünün ilkin mərhələlərini və sərt mühitlərdə ulduzların əmələ gəlməsi proseslərini öyrənmək üçün yeni üfüqlər açıb.
Töhfə Səməd
tag: Qalaktika,Qəhvəyi,Cırtdan,NGC 602,Ulduz,todaypress.az,