Dinozavrlarla bağlı məşhur fərziyyə təkzib edildi
Maraqlı
05.11.2024 17:40
Cənubi Afrika Respublikasının Vitvatersrand Universiteti, Kolumbiya İqlim Məktəbi, Nankin Geologiya və Paleontologiya İnstitutu, həmçinin Prinston Universitetinin alimləri bənzərsiz şəkildə qorunan dinozavr qalıqlarının, vulkan mənşəli olması ilə bağlı məşhur fərziyyəni təkzib ediblər.
TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.
Məlumdur ki, Yixian Formasiyasında (Erkən Təbaşir dövrünü əhatə edən geoloji birləşmə, fosil yatağı) dinozavrların, quşların, məməlilərin, həşəratların və digər canlıların yaxşı qorunmuş unikal qalıqları var. Digər yerlərdə tapılan skelet və parçalanmış fosillərdən fərqli olaraq, burada bir çox heyvanın daxili orqanları, üzərindəki lələkləri, pulcuqları, xəzləri və hətta mədə tərkibi tam formada qorunub saxlanılıb. Bu da hər hansı bir qeyri-adi konservasiya prosesinin baş verdiyini göstərirdi.
Alimlər tədqiqatlarda kimyəvi aşındırıcı spektrometriyadan (CA-ID-TIMS) istifadə edib. Qeyd olunan üsul ətraf süxurlardan götürülmüş sirkon dənələrində radioaktiv uran və qurğuşun nisbətini yüksək dəqiqliklə ölçməyə, eləcə də tapıntıların tarixini müəyyən etməyə imkan verib.
Araşdırmalar nəticəsində məlum olub ki, Yerin orbitində baş verən dəyişikliklər səbəbindən rütubətli iqlim formalaşıb və yağıntının miqdarı artıb. Onların fikrincə, cəsədlərin parçalanmadan, anaerob şəraitdə sürətlə basdırılmasına məhz bu amil təsir edib.
Əldə olunan məlumatlar nəticəsində elm adamları vulkanik laharlar və piroklastik axınlar fərziyyəsini təkzib ediblər. Onların sözlərinə görə, bu cür proseslərin təsiri nəticəsində qalıqlar məhv ola bilər. Amma Yixian Formasiyasının fosilləri daha sağlam və səliqləli formada qorunub saxlanıb.
Töhfə Səməd
tag: Alimlər, Elm Adamları, Cənubi Afrika, Dinozavr, todaypress.az,