Çində yeni dinozavr növü aşkarlandı
Çinli alimlər ölkənin cənub-qərbində, Yunnan əyalətində tapılan fosillər əsasında Erkən Yura dövrünə aid yeni sauropod növünü müəyyən ediblər. Yeni dinozavr növü “Xingxiulong yueorum” adlandırılıb.
TodayPress xəbər verir ki, bu kəşf fevral ayında beynəlxalq “Historical Biology” jurnalında dərc edilib.
Məlumata görə, fosilləşmiş skelet ilk dəfə 2015-ci ildə Lufeng şəhərində aşkar edilib. Nümunə yaxşı qorunmuş vəziyyətdədir və baş hissəsindən arxaya doğru uzanaraq ikinci dorsal fəqərədən iyirminci quyruq fəqərəsinə qədər olan hissəni, sol kürək sümüyünü, demək olar ki, tam qurşaq və arxa ətraf sümüklərini əhatə edir.
Alimlər bu dinozavrın Aşağı Yura dövrünə aid “Xingxiulong” cinsinə daxil olduğunu və daha əvvəl tapılan “Xingxiulong chengi” ilə bəzi oxşarlıqlar daşıdığını bildirirlər. Məsələn, hər iki növdə dörd sakral fəqərə mövcuddur. Bununla yanaşı, yeni növün fərqli xüsusiyyətləri də var. O, düz dorsal kənarlı astragalusa və beşinci barmaqda iki sümükdən ibarət falanqaya malikdir.
Yeni növ ölçü baxımından da əvvəlki “Xingxiulong” cinsindən böyükdür. Uzunluğu 8-10 metr olduğu təxmin edilir, halbuki əvvəlki növlər 4-5 metr idi.
Qiymət Mahir
tag: Çin,Dinozavr,Kəşf,Araşdırma,todaypress.az,