CIA Latın Amerikasında Hitleri ovladı - Arxivlər açıldı

Maraqlı

18.04.2025 11:39

11

BŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), rəsmi olaraq 1945-ci ildə intihar etdiyi qəbul edilən nasist Almaniyasının lideri Adolf Hitlerin sağ qalması ehtimalını İkinci Dünya müharibəsindən sonra on il ərzində araşdırmaqda davam edib. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Post” nəşri ABŞ kəşfiyyatının məxfi sənədlərinin deklasifikasiyasına istinadən məlumat yayıb.

Sənədlərə əsasən, Hitlerin mümkün qaçışı ilə bağlı maraq 1950-ci illərin ortalarına qədər davam edib. 1955-ci ildə “CIMELODY-3” kod adı ilə tanınan agent CIA qərargahına Kolumbiya çimərliklərindən birində çəkilmiş fotoşəkil göndərib. Şəkildəki şəxs özünü “Adolf Şrittelmayor” kimi təqdim edib.

Vizual olaraq Hitlərə oxşarlıq kəşfiyyat tərəfindən izləməni davam etdirmək üçün kifayət edib. Agentin sözlərinə görə, Milli Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) hərbiləşdirilmiş birləşmələrinin (SS) keçmiş əməkdaşı Filip Sitroen bu şəxslə hər ay görüşürmüş və hətta onunla birgə foto da çəkdirib. Həmin şəkil 1955-ci il sentyabrın 28-də Kolumbiyanın Tunxa şəhərində lentə alınıb. 

CIA sənədlərində bildirilib ki, sonradan Hitler olduğu iddia edilən şəxsin Argentinaya köçdüyü və orada - La-Falda şəhərində gizləndiyi ehtimal edilib. Məlumatlara görə, həmin şəhərdə keçmiş nasist liderin tərəfdarlarının oteli var imiş.

Lakin son nəticədə ABŞ kəşfiyyatı bu iddiaların sübut olunmasının mümkünsüz olduğu qənaətinə gələrək araşdırmanı dayandırıb. Hitlerin sağ qalması ehtimalı isə "son dərəcə aşağı" olaraq qiymətləndirilib.   

Töhfə Səməd

tag: CİA,Hitler,Almaniya,Arxiv,Todaypress.az,