"Buz adam" ləqəbli Vim Hof ölümlərə səbəb olmaqda ittiham olunur
Maraqlı
25.06.2024 08:46
Bütün dünyada "Buz adamı" kimi tanınan Vim Hof tətbiq etdiyi soyuq su terapiyası ilə ölümlərə səbəb olmaqda ittiham olunur.
TodayPress xəbər verir ki, rekordlar qıran və soyuq su terapiyasının tətbiqi ilə məşğul olan Vim Hof bu dəfə qırdığı rekordlarla deyil, ona qarşı irəli sürülən ittihamlarla gündəmdədir.
“Buz adamı” ləqəbli Hof həddindən artıq soyuğa tab gətirmək bacarığı ilə tanınır və minlərlə insan onun üsullarını izləyir. Hof metodunun stressi azaltdığı, immunitet sistemini gücləndirdiyi və hətta xərçəng, diabet və artritin müalicəsində effektiv olduğu deyilir. Lakin “Sunday Times” qəzeti Hofu öz metodunun riskləri barədə insanlara xəbərdarlıq etməməkdə günahlandırır və bunun insanların ölümünə yol açdığını iddia edir. Qəzetdə dərc olunan xəbərə görə, üç uşaq anası Kellie Poole soyuq su üsulunu tətbiq etməyə başladıqdan sonra Derbişir çayında yıxılaraq ölüb.
Nəşr, insanların Hof metodunu və ya bənzər bir texnikanı təkrarlamağa çalışan 11 ölüm faktını müəyyənləşdirmək üçün koronerlərin hesabatlarından istifadə edib.
Qəzetin işıqlandırdığı hadisələrdən biri də 17 yaşlı Madelyn Metzgerin 2022-ci ilin avqustunda Kaliforniyada hovuzda Hofun metodunu təkrarlamağa çalışarkən boğularaq ölməsidir.
Hof və onun yaratdığı biznes portalının idarəçiləri isə irəli sürülən iddiaları rədd edərək, “İnsan itkilərinə görə dərindən kədərlənirik və yaxınlarını itirən hər kəsə başsağlığı veririk. Vim Hof Metodunu tətbiq edən hər kəsin təhlükəsizliyi və rifahı bizim üçün son dərəcə vacibdir, buna görə də biz bütün platformalarımızda,məhsullarımızda və təlimimizin hər bir aspektində daima təhlükəsizliklə bağlı xəbərdarlıq edirik” deyə ittihamlara cavab veriblər.
Qeyd edək ki, Vim Hof 2008-ci ildə buzda 1 saat 13 dəqiqə 48 saniyə qalaraq Ginnesin Rekordlar Kitabında əvvəlki rekordunu təkrarlayıb.
Hollandiyalı motivasion natiq və idmançı, həyat yoldaşının ölümündən sonra yaşadığı ağrıları aradan qaldırmaq üçün ilk dəfə 1995-ci ildə qəbul etdiyi soyuq su terapiyasını mümkün qədər çox insana öyrətməyə çalışır. Onun birinci həyat yoldaşı Marivelle-Maria şizofreniyadan əziyyət çəkdikdən sonra intihar edib.
GÜNEL
tag: Ginnes, Rekord, Vim Hof, Diabet, todaypress.az,