Bethovenin saçında yüksək miqdarda qurğuşun aşkarlandı – Sağlamlıq problemlərinin sirri açılır?

Maraqlı

06.03.2025 11:00

1777

Dünya şöhrətli bəstəkar Lüdviq van Bethovenin saç nümunələrində yüksək səviyyədə qurğuşun aşkar edilib. 

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “ZDF” telekanalı məlumat yayıb. 

Bildirilib ki, alimlər kəşfin bəstəkarın çoxsaylı sağlamlıq problemlərinin səbəblərini anlamağa kömək edə biləcəyini düşünürlər. 

Bethoven uzun illər karlıq, mədə spazmları, meteorizm və ishaldan əziyyət çəkib. Onun xəstəliklərinin dəqiq səbəbi 200 ildən artıqdır ki, mübahisəlidir. Kembric Universitetinin rəhbərliyi altında çalışan beynəlxalq tədqiqatçılar qrupu bəstəkarın iki orijinal saç telini analiz edərək sirri açmağa çalışıb. 

Araşdırma ABŞ-nin Mayo Klinikasının laboratoriyasında aparılıb. Laboratoriyanın direktoru Pol Cannetto izah edib ki, nümunələr azot turşusunda həll edilərək ağır metalların tərkibi yoxlanılıb.

Nəticələr göstərib ki, Bethovenin saçında qurğuşun miqdarı müasir normadan qat-qat yüksəkdir.  Toksikologiya tarixçisi Ronen Lübşteyn XIX əsrdə qurğuşunla zəhərlənmənin geniş yayılmış olduğunu bildirib. O dövrdə qurğuşun su borularında, boyalarda, keramika məmulatlarında və hətta ucuz şərabların tərkibində mövcud idi.

Tarixi mənbələrə görə, Bethoven hər gün bir şüşə şərab içirdi, bu da orqanizmində qurğuşunun yığılmasına səbəb ola bilərdi.  Buna baxmayaraq, bəstəkarın kar olmasının yalnız qurğuşun zəhərlənməsi ilə əlaqəli olduğu şübhə altındadır.

Tədqiqatçı Uilyam Meredit xatırladır ki, Bethovenin eşitmə problemi 27 yaşında başlayıb, lakin araşdırılan saç nümunələri onun daha gec yaşlarına aiddir. 

Pol Cannetto qeyd edib ki, insan yaşlandıqca orqanizmdə qurğuşun səviyyəsi artır, bu isə Bethovenin sağlamlıq durumunu daha da ağırlaşdıra bilərdi. Lakin bəstəkarın xəstəliklərinin dəqiq səbəbini müəyyən etmək üçün ekshumasiya aparılmalıdır. Bu isə ekspertlərə görə, praktiki olaraq mümkün deyil.   

Qiymət Mahir

tag: Bethoven,Xəstəlik,Saç,Qurğuşun,Todaypress.az,