Ayın əsl yaşı məlum oldu
Maraqlı
20.12.2024 16:14
Kaliforniya Universiteti, Santa Cruz, Maks Plank Günəş Sistemi Tədqiqat İnstitutu və Fransa Kollecindən ibarət beynəlxalq alimlər qrupu Ayın əsl yaşını müəyyən ediblər.
TodayPress xəbər verir ki, tədqiqat “Nature” jurnalında dərc olunub.
Ayın vulkanik tarixini öyrənmək üçün alimlər Ay süxurlarında radioaktiv izotopların analizindən istifadə edib, həmçinin peykin dərinliklərindən istilik axınını simulyasiya ediblər. Bu zaman qabığın ilkin vəziyyəti haqqında məlumatı qoruyub saxlayan stabil sirkonium silikat kristallarını aşkar ediblər. İzotopların parçalanması məlumatlarından istifadə edərək, komanda hadisələrin xronologiyasını yenidən qurub.
Hesablamalar göstərib ki, Ayın dərinliklərindən gələn istilik axını bir neçə dəfə mantiya və qabığı əridə bilər. Lava səthə və ya qabığın altına nüfuz edib ki, bu da süxurların strukturunda əhəmiyyətli dəyişikliyə səbəb olub. Buna baxmayaraq, bəzi ərazilərdə sirkonlar soyuq qalıb və orijinal quruluşunu saxlayıb.
Bu proseslər süxurların yaşının Ayın təxmin edilən yaşından niyə daha gənc göründüyünü izah edir. Radioaktiv izotoplar süxurların əsl əmələ gəlməsini deyil, sonuncu qızdırılma vaxtını qeyd ediblər.
Alimlərin tapıntılarına görə, Ay 4,43-4,51 milyard il əvvəl, qabığı isə təxminən 4,35 milyard il əvvəl əmələ gəlib. Yeni məlumatlar nəinki Yerin peykinin yaşının müəyyən edilməsində ziddiyyətləri aradan qaldırıb, həm də onun tarixinin vahid mənzərəsini də təqdim edib.
Töhfə Səməd
tag: Ay ,Yaş, Peyk ,Sturuktur, todaypress.az,