Atlantikada rekord ölçüdə köpəkbalığı aşkarlandı
Okean Yer səthinin böyük bir hissəsini əhatə edir və çoxsaylı canlıların, o cümlədən planetin ən təhlükəli yırtıcılarından biri olan böyük ağ köpəkbalıqlarının evidir. Bu nəhəng yırtıcıların yeganə təbii düşməni qatil balinalardır və son illərdə onlar böyük ağ köpəkbalıqların qaraciyərini yemək üçün ovlarını artırıblar.
TodayPress “Live Science”ə istinadən xəbər verir ki, köpəkbalıqlarının həyatını öyrənən “OCEARCH”təşkilatının alimləri ABŞ-nin Şərq Sahillərində nəhəng erkək böyük ağ köpəkbalığı aşkar ediblər.
Bildirilir ki, tədqiqatçılar nəhəng balığı işarələyərək ona Contender (rəqib) adını veriblər. Mütəxəssislər onu Şimali Atlantikanın qərb hissəsində indiyə qədər öyrənilmiş ən böyük erkək böyük ağ köpəkbalığı hesab edirlər.
Tədqiqatçılar Contenderi 17 yanvar tarixində Corciya və Florida ştatları sahillərindən təxminən 70 km aralıda işarələyib və yenidən okeana buraxıblar. Alimlərin ölçmələrinə görə, bu nəhəng köpəkbalığının uzunluğu 4,2 metr, çəkisi isə təxminən 750 kiloqramdır.
“OCEARCH” komandası qış aylarında ABŞ-nin cənub-şərq sahillərində vaxt keçirən böyük ağ köpəkbalıqlarını izləyir. Təşkilatın baş baytar həkimi və aparıcı elmi əməkdaşı doktor Xarli Nyutonun sözlərinə görə, Contender təşkilatın bu bölgədə indiyə qədər müşahidə etdiyi cəmi üçüncü yetkin erkək böyük ağ köpəkbalığıdır.
Adətən, erkək böyük ağ köpəkbalıqları 26 yaşında yetkinlik dövrünə çatır və uzunluğu təxminən 3,5 metr olur. Lakin Contender 4,2 metrlik ölçüsü ilə bu normanı xeyli üstələyir. Smithsonian Milli Təbiət Tarixi Muzeyinin məlumatına görə, yetkin erkək böyük ağ köpəkbalıqların uzunluğu orta hesabla 3,4-4 metr arasında dəyişir. Bu isə Contenderin tipik bir iri erkək böyük ağ köpəkbalığından təxminən 23 sm daha uzun olması deməkdir.
Bununla belə, böyük ağ köpəkbalıqlar arasında ən iri fərdlər adətən dişilər olur. Onların uzunluğu 6,1 metrə qədər çata bilər, bəzi mənbələr isə 7 metrə çatan fərdlərin mövcud olduğunu bildirir.
Nyuton qeyd edib ki, böyüklüyünə görə nadir rast gəlinən Contenderin kəşfi böyük əhəmiyyət kəsb edir. Alimlər Şimali Atlantikada böyük ağ köpəkbalıqların həyatını daha yaxşı öyrənmək və onların mühafizəsini gücləndirmək üçün tədqiqatlarını davam etdirirlər.
Bu məqsədlə mütəxəssislər Contenderi xüsusi SPOT peyk izləmə cihazı ilə işarələyiblər. Cihaz köpəkbalığının ilk kürək üzgəcində yerləşdirilib və hər dəfə su səthinə çıxdıqda peykə siqnal göndərir. Bu texnologiya sayəsində alimlər Contenderin hərəkətlərini, eləcə də okeanın dərinliyi və temperaturu barədə məlumatları izləyə bilirlər.
Qiymət Mahir
tag: Okean ,Yer ,OCEARCH,ABŞ,Şərq Sahilləri,todaypress.az,