Arxeoloq: “Osiris Ayini” Tutanxamonun məzarında icra edilib

Maraqlı

30.03.2025 12:05

1180

Misirşünas alim Tutanxamonun dəfn otağında qədim “Osiris Ayini”nin keçirildiyinə dair tarixi sübutlar aşkarladığını iddia edir. 

TodayPress xəbər verir ki, bu barədə Yale Universitetinin postdoktorantı, misirşünas Nikolas Braun “Live Science” saytına müsahibəsində danışıb. Onun məqaləsi “The Journal of Egyptian Archaeology” jurnalında dərc olunub.

Brauna görə, bu kəşf fironlar arasında bu ayinin tətbiqinə dair indiyə qədər tapılmış ən qədim dəlildir: 

“Dəfn kamerasının bütöv strukturu sanki bu ayinin səhnələşdirilməsi üçün qurulmuşdu”.

Qədim misir mifologiyasına görə, yeraltı dünya tanrısı Osiris qardaşı Set tərəfindən öldürülüb, lakin sonradan oğlu Horusun vasitəsilə həyata qaytarılıb. Mifdə Horus atasına əsası ilə işarə edir və onu “oyanmağa” çağırır. Eyni adlı dini ayin bu mifoloji səhnəni simvolik şəkildə canlandırır.

Braun Tutanxamonun məzarının arxiv qeydlərini yenidən təhlil edərkən dörd gil leğən və dörd əsas tapıldığını qeyd edir. Onun fikrincə, leğənlərdə ayin zamanı istifadə ediləcək Nil suları saxlanılıb, əsaslar isə Horusun istifadə etdiyi müqəddəs əsa ilə eyniləşdirilir. Bu sular mumiyanın üstünə və ya yanına tökülə bilərdi.

Braun yazır ki, “Piramida mətnləri” adlanan qədim dəfn yazılarında bu mayelər “ölünün və ya Osirisin cəsədindən çıxan həyat mayesi” kimi təsvir olunur. Onlar çürüyən bədəni yenidən canlandırmaq və ona həyat enerjisi qaytarmaq üçün vacib hesab edilirdi.

Alim həmçinin qeyd edir ki, bu ayinlərdə istifadə edilən Nil suyu “Horusun gözü” adlandırılıb və o, dirilmə və ölüm üzərində qələbənin güclü simvoluna çevrilib.

Qiymət Mahir

tag: Misir,Alim,Tutanxamon,Pramida,todaypress.az,