Alimlər nitqin qədim mənşəyi ilə bağlı gen aşkar etdilər

Maraqlı

08.03.2025 13:30

2686

Alimlər insanın nitq qabiliyyətinin formalaşmasında rol oynaya biləcək gen variantı aşkar ediblər. Bu tapıntı nitqin “Homo sapiens”in sağ qalmasında və inkişafında mühüm rol oynadığını göstərir. 

TodayPress xəbər verir ki, “Nature Communications”da dərc edilən tədqiqata görə, yalnız insanlarda mövcud olan “NOVA1” adlı zülalın xüsusi variantı yeni ünsiyyət formaları yaratmağımıza kömək edə bilər. 

Alimlərin sözlərinə görə, nitq bizə məlumat mübadiləsi aparmaq, fəaliyyətlərimizi əlaqələndirmək və bilikləri nəsildən-nəslə ötürmək imkanı yaradaraq neandertallardan və denisovalılardan fərqli olaraq dominant növə çevirib. 

Araşdırmanı aparan Nyu-Yorkdakı Rokfeller Universitetinin alimləri “CRISPR” gen redaktəsi texnologiyasından istifadə edərək siçanlarda “NOVA1” zülalının insan variantını tətbiq ediblər.

Nəticədə, bu siçanların səs siqnallarında dəyişiklik müşahidə olunub – balalar analarına fərqli səslərlə reaksiya verib, erkək siçanlar isə dişilərə qarşı fərqli davranış nümayiş etdiriblər. 

Tədqiqatın müəlliflərindən biri, Dr. Robert Darnell qeyd edib ki, “NOVA1” geni insan beyninin inkişafında mühüm rol oynayır. Onun fikrincə, bu genin unikal variantı yalnız müasir insanlara məxsusdur, bu da “Homo sapiens”in nitq qabiliyyətinin inkişafında təsirli amillərdən biri ola bilər.  Bu, genin nitqlə əlaqələndirildiyi ilk hal deyil. 2001-ci ildə britaniyalı alimlər “FOXP2” adlı geni nitq və dil pozuntuları ilə əlaqələndirmişdilər. Lakin sonrakı tədqiqatlar göstərdi ki, bu gen yalnız insanlara aid deyil və neandertallarda da mövcud olub.

Əksinə, “NOVA1” geninin spesifik variantı yalnız müasir insanlara məxsusdur. 

Alimlər hesab edirlər ki, nitq qabiliyyəti təkcə genetik amillərdən deyil, həm də insanın boğazının anatomik xüsusiyyətlərindən və beyində nitqi idarə edən mexanizmlərdən asılıdır. 

Dr. Darnell ümid edir ki, bu tədqiqat insan nitqinin təkamülünü daha yaxşı anlamağa kömək edəcək və eyni zamanda nitq pozuntularının müalicəsində yeni üsulların inkişafına təkan verəcək.

Digər tədqiqatçı Liza Finestack isə bildirib ki, genetik kəşflər gələcəkdə uşaqlarda erkən yaşda nitq və dil problemlərini aşkar edib müdaxilə etməyə imkan verə bilər. 

Qiymət Mahir

tag: Tədqiqat,Alimlər,Araşdırma,Qədim,Nitq,Gen,Todaypress.az,