Alimlər neytron ulduzlarının birləşməsinin sirlərini açıqladılar
ABŞ-nin İllinoys Universiteti və İspaniyanın Valensiya Universitetindən olan alimlərin apardığı yeni araşdırma maqnit sahələrinin neytron ulduzların birləşməsi nəticəsində yaranan cazibə dalğalarının təhlilinə ciddi təsir etdiyini ortaya çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə məlumat “Physical Review Letters” jurnalında yer alıb.
Bu, astrofiziklərin yüksək sıxlıqlı maddənin davranışını öyrənmək səylərini daha da mürəkkəbləşdirir.
Neytron ulduzlarının toqquşması zamanı baş verən cazibə dalğaları həmin ulduzların daxili fiziki vəziyyətinə dair mühüm izlər daşıyır və alimlər bu dalğaların analizi vasitəsilə sıx maddə üçün “hal tənliyi”ni anlamağa çalışırlar. Lakin indiyədək hazırlanmış modellərin əksəriyyəti maqnit sahələrinin təsirini nəzərə almırdı.
Tədqiqatın rəhbəri, doktor Antonios Tsokarosun sözlərinə görə, aparılan yüksək dəqiqlikli simulyasiyalar göstərib ki, maqnit sahələri birləşmədən sonra qalığın vibrasiya tezliyini elə dərəcədə dəyişə bilər ki, bu, digər mühüm fiziki effektlərin üzərinə “maskalama effekti” yaradır.
Alimlər müxtəlif maqnit konfiqurasiyaları, ulduz kütlələri və hal tənlikləri modelləri ilə apardıqları təcrübələrdə müəyyən ediblər ki, birləşmə anında maqnit sahəsi Yer şərtlərində yaradılanlardan on milyardlarla dəfə güclü ola bilər. Bu isə cazibə dalğalarının tezliyində ciddi artım yaradır.
“Əldə etdiyimiz nəticələr göstərir ki, cazibə dalğalarının interpretasiyasında maqnit sahələrinin nəzərə alınmaması neytron ulduzların daxili quruluşu ilə bağlı yanlış nəticələrə gətirib çıxara bilər” deyə professor Milton Ruis bildirib.
Bu kəşf, xüsusilə də yaxın illərdə istifadəyə veriləcək Cosmic Explorer və “Einstein” teleskopu kimi yeni cazibə dalğası detektorlarının fonunda mühüm əhəmiyyət daşıyır. Həmin cihazlar daha yüksək tezlikli siqnalları aşkar edə biləcək və alimlərə sıx maddənin sirli təbiətini daha dərindən öyrənmək imkanı verəcək.
Qiymət Mahir
tag: Kəşf,Alim,Elm,Maqnit,todaypress.az,