Ağ ciyər xərçənginin müalicəsində inqilab edəcək cihaz hazırlandı

Maraqlı

21.06.2024 00:16

Alimlər yosunlardan kiçik robotlar hazırlayıblar. Bu cihazların ağciyər xərçənginin müalicəsində inqilab edə biləcəyi düşünülür.

TodayPress xəbər verir ki, ABŞ-nin Kaliforniya Universitetinin tədqiqatçıları mikrorobotlar yaratmaq üçün yaşıl yosun hüceyrələrinin səthinə şişlərə qarşı istifadə edilmək üçün dərmanla doldurulmuş nanohissəciklər yerləşdiriblər.

Bu nanohissəcikləri daşıyan yosunlar mikrorobotlarla ağciyərlərdəki şişlərə göndərilir. 

Beləliklə, elm adamları kimyaterapiya müalicəsini birbaşa şişlərə və onların yayıldığı ərazilərə effektiv şəkildə çatdıra bilərlər. 

“Science Advances” jurnalında dərc edilən araşdırmada nanohissəcikləri daşıyan yosunlara xüsusi örtük vasitəsilə qırmızı qan hüceyrələrinin görünüşü verilib. 

Araşdırmanın aparıcı müəlliflərindən biri olan Zhengxing Li, bu örtünün "kamuflyaj" rolunu oynadığına diqqət çəkərək, “Bu örtük nanohissəcikləri bədəndəki qırmızı qan hüceyrələrinə bənzədir və bununla da immun reaksiyasının mümkün qədər tətiklənməsinin qarşısını alır” deyə bildirib”. 

Alimlər siçanlar üzərində apardıqları tədqiqatlarda müsbət nəticələr əldə ediblər. 

Ağciyərlərində metastaz vermiş melanomalı siçanlar nəfəs borularına daxil edilmiş kiçik bir boru vasitəsilə bədənlərinə göndərilən mikrorobotlarla müalicə olunub. 

Müalicəsi uğurlu olan siçanlar üçün orta sağ qalma müddəti 37 gün, müalicə olunmamış siçanlar üçün isə bu müddət 27 gün olmuşdur. 

Mikrorobotların ağciyərlərdə üzdüyünü ifadə edən Li, "Bu, dərmanın şişlərin ağciyər toxumasına yayılmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırdı və həmin nayihədə qalma müddətini uzatdı" deyib. 

Tədqiqatçılar mikrorobot müalicəsini daha böyük heyvanlarda sınaqdan keçirmək üçün hazırlıqların davam etdiyini bildiriblər. Komandanın əsas məqsədi cihazın insanlar üzərində klinik tədqiqatlarına keçməkdir.

GÜNEL

tag: Ağ ciyər xərçəngi, Nanohüceyrə, Mikrorobotlar, Araşdırma, todaypress.az,