ABŞ-də nəhəng uçan dələ fosili tapıldı
Təxminən 5 milyon il əvvəl Şimali Amerikanın səmasında pişik böyüklüyündə uçan dələlərin süzüldüyü müəyyən edilib. Alimlər bu nəticəyə Tennessi ştatında yerləşən qədim çökəklikdən tapılan qeyri-adi fosil sayəsində gəliblər.
TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Mammalian Evolution”da dərc edilib.
Tədqiqatçılar uçan dələnin “Miopetaurista” adlı nəsli kəsilmiş bir növə aid olduğunu bildirirlər. Bu cinsin əsasən Asiyada yayıldığı məlum olsa da, ABŞ-nin Florida ştatında iki nümunənin tapıldığı güman edilir.
Alimlər “Miopetaurista”nın Şimali Amerikaya 5,3-2,6 milyon il əvvəl Asiya ilə bu qitəni birləşdirən Berinq körpüsü vasitəsilə gəldiyini ehtimal edirlər. Araşdırmaya görə, həmin dövrdə Tennessi ştatının iqlimi Asiyadakı tropik meşələrə bənzəyirdi və bu, uçan dələlərin burada məskunlaşmasına imkan yaradırdı.
Bu fosil Şərqi Tennessidə yerləşən Qrey fosil yatağında tapılmış tək bir dişdən ibarətdir. Həmin ərazidə aşkarlanan digər tapıntılar isə 5 milyon il əvvəl bu bölgənin olduqca qeyri-adi vəhşi təbiətə malik olduğunu göstərir.
Qiymət Mahir
tag: Araşdırma,Şimali Amerika,Alimlər,Dələ,todaypress.az,