3600 illik naməlum firon məzarı tapıldı

Maraqlı

27.03.2025 18:25

1166

Misirin qədim Abidos şəhərində misirli və amerikalı arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı təxminən 3600 il əvvələ aid naməlum fironun məzarı aşkar edilib.

TodayPress xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” nəşri məlumat yayıb.

Abidos şəhərinin yaxınlığındakı nekropolda, Nil çayının sol sahilində yerləşən məzar təxminən 7 metr dərinlikdə olub.

Qəbir bir neçə otaqdan ibarətdir və otaqların tavanının hündürlüyü təxminən 5 metrdir.

Amerikalı tədqiqatçı Cozef Veqner bildirib ki, ilk dəfə Abidosda firon məzarı 10 il öncə aşkar edilib və bu kəşf həmin ərazidə itmiş hesab edilən fironlar sülaləsinin mövcudluğunu təsdiqləyib. 

2014-cü ildə tapılan və firon Seneb-Keyə məxsus məzar ilə yeni kəşf edilmiş məzar arasındakı oxşarlıqlar alimləri belə nəticəyə gətirib ki, naməlum firon Abidos sülaləsinin ilk nümayəndələrindən biri ola bilər.

Qeyd edək ki, məzarın girişindəki divar təsvirlərində İsis ilahəsi və onun bacısı Neftidanın rəsmləri yer alıb.

Lakin məzar zaman keçdikcə ciddi zədələnib, içərisində tapılan skelet qalıqlarından kimliyi müəyyən etmək mümkün olmayıb.

Təxminən 1700 il əvvəl məzarın qarət edildiyi məlum olub, məzarda tapılan papirus üzərindəki hökmdarın adı isə oxunmaz vəziyyətdədir.

Arxeoloqlar güman edir ki, məzarda adı Abidosda abidələrlə anılan firon Senayib və ya firon Pentceni dəfn edilmiş ola bilər.

Qiymət Mahir

tag: Misir,Abidos,Firon,Məzar,Todaypress.az,