2600 illik yazıdakı şifrə açıldı

Maraqlı

28.11.2024 13:16

ABŞ-dən olan arxeoloq Frigiya abidəsindəki yazının şifrəsini açıb. 

TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” yazıb. 

Müasir Türkiyə ərazisində yerləşən “Arslan Kaya” abidəsi təxminən 2,6 min il yaşı olan dini tikilidir. Frigiyalılar təxminən eramızdan əvvəl 1200-600-cü illərdə bölgədə məskunlaşıblar. “Arslan Kaya”nın hündürlüyü təqribən 15 metrdir və binanın fasadı formasında hazırlanıb. Qapıda ana ilahənin qadın fiquru var. Yuxarıda isə zəif görünən sirli bir yazı yer alıb. 

Pensilvaniya Dövlət Universitetinin qədim yunan tarixi və arxeologiyası üzrə professoru Mark Mann, qədim abidəni öz gözləri ilə görmək üçün “Arslan Kaya”ya gəlib. 

Alim istəmədən kəşfə səbəb olub. Belə ki, səfər vaxtı işıqlandırma yaxşı olduğu üçün Mann yazının bir neçə aydın fotoşəkilini çəkə bilib. Sonra onları 1890-1950-ci illərdə lentə alınan digər fotoşəkillərlə müqayisə edib. Bu zaman yazının mərkəzində ana ilahə anlayışını verən “matheran” sözünün yazıldığını görüb. 

Alim bütün yazını tərcümə edə bilməsə də, onun qrammatik quruluşu haqqında yeni məlumatlar toplaya bilib. Mann qeyd edib ki, “matheran” sözünün “ana” sözünün şəkil dəyişmiş formasıdır. O, hesab edir ki, ifadənin başlanğıcı ziyarətgahı yaradan və ya ana ilahəyə həsr edən şəxsin adı ola bilər.

Günəş Mərd

tag: ABŞ, Alim, Yazı, Arslan Kaya,Frigiya, todaypress.az,