20 000 il əvvəl primitiv nəqliyyat vasitələri istifadə olunurdu

Maraqlı

02.03.2025 16:50

1266

Yeni araşdırmaya görə, Şimali Amerikanın ən erkən sakinləri 20 000 ildən çox əvvəl taxta “nəqliyyat vasitələri” ilə yük və ehtimal ki, insan da daşıyırdılar. Alimlər Nyu-Meksiko ştatındakı Uayt-Sends Milli Parkında qədim insan ayaq izləri ilə yanaşı, xizəklərə bənzəyən sürüklənmə izləri aşkarlayıblar. 

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Quaternary Science Advances”də dərc edilib.

Mütəxəssislər bu izlərin iki uzun taxta dirəyin birləşdirilməsi ilə hazırlanmış çərçivə tipli nəqliyyat vasitəsinə aid olduğunu düşünürlər. Böyük Düzənliklərin yerli xalqları – o cümlədən Nyu-Meksiko ərazisində yaşayanlar – təxminən 500 il əvvəl itlər (sonralar isə atlar) qoşulmuş arabalarla evlərini, mebellərini və digər əşyalarını daşıyırdılar. O dövrdə bu arabalarla uşaqlar və yaşlı qadınlar da daşınırdı.

Tədqiqatçılar qədim ayaq izlərinin ölçüsünü və yerləşməsini təhlil edərək müəyyən ediblər ki, arabaları böyük ehtimalla böyüklər çəkir, uşaqlar isə onların ardınca gedirdi.

“Hər kəs supermarketdə alış-veriş arabasının hərəkətini və ya uşaqları qucaqda daşımağın nə demək olduğunu bilir. Bu, görünür, eyni funksiyanı daşıyan qədim bir nümunədir – yalnız təkərlərsiz” deyə tədqiqatın aparıcı müəllifi, Böyük Britaniyanın Bornmut Universitetinin ekoloji və coğrafi elmlər üzrə professoru Metyu Bennet bildirib.

Qiymət Mahir

tag: Araşdırma,Şimali Amerika,Alimlər,Nəqliyyat,todaypress.az,