Sahil Babayev: "Azərbaycan-Serbiya enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub"
Azərbaycan-Serbiya əməkdaşlığı həm ənənəvi,
həm də bərpa olunan enerji sahəsində yeni mərhələyə qədəm qoyub.
TodayPress xəbər verir ki, bunu Azərbaycanın maliyyə
naziri Sahil Babayev Serbiyanın Dövlətçilik Günü münasibətilə keçirilən
tədbirdə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın enerji resurslarının
Avropa ölkələri ilə yanaşı, Balkan regionuna ixracında Serbiya artıq tranzit
ölkəyə çevrilib. Bununla yanaşı, iki ölkə iqtisadiyyat, maliyyə, nəqliyyat
infrastrukturu, hava nəqliyyatı, müdafiə, kənd təsərrüfatı, əmək və sosial
müdafiə, təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın
genişləndirilməsinə xüsusi önəm verir.
“Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq və
qarşılıqlı əməkdaşlığın bütün sahələrdə daha da inkişaf edəcəyinə əminəm” deyə
nazir vurğulayıb.
S. Babayev ötən il iki ölkə arasında ticarət
dövriyyəsinin 17 dəfədən çox
artmasını iqtisadi əlaqələrin dinamik inkişafının göstəricisi kimi
qiymətləndirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan və Serbiya arasında
siyasi əlaqələr yüksək səviyyədədir:
“Dövlət başçılarımızın səmimi dostluğu, qarşılıqlı
etimadı və əməkdaşlığa verdikləri böyük önəm ikitərəfli əlaqələrin daha da
güclənməsinə töhfə verir. 2022-ci ildə Azərbaycanla Serbiya arasında Strateji
Tərəfdaşlıq Şurasının yaradılması haqqında qərar və memorandumun imzalanması
əməkdaşlığımızı yeni, daha yüksək mərhələyə qaldırdı. Bu sənəd ölkələrimizin
dost və strateji tərəfdaş olduğunu bir daha təsdiqlədi. Ötən ilin noyabrında
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu
sessiyasında Serbiyanın töhfəsini və Prezident Aleksandr Vuçiçin tədbirdə
iştirakını yüksək qiymətləndiririk”.
Nazir əlavə edib ki, Azərbaycanla Serbiya arasında
indiyədək 50-dən çox sənəd imzalanıb.
“Bu sənədlər ikitərəfli əlaqələrimizin möhkəm təməlini
təşkil edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli
əməkdaşlıq edir, beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirərək
bir-birinə qarşılıqlı dəstək göstərir, xüsusilə ərazi bütövlüyü və suverenlik
məsələlərində prinsipial mövqedən çıxış edirlər” deyə S. Babayev bildirib.
tag: Sahil Babayev, Nazir, Maliyyə, Serbiya, Enerji, todaypress.az,