Mühasibat uçotu ilə bağlı təqdimat keçirildi
25 aprel 2025-ci il tarixdə Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının birgə təşkilatçılığı ilə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təqdimatı ilə bağlı tədbir keçirilib.
Bu barədə TodayPress-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Tədbirdə çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu qaydalar İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarındakı dəyişiklikləri, habelə aktiv, öhdəlik, kapital, gəlir və xərc maddələri üzrə həmin standartlarla müəyyən edilmiş tələbləri özündə əks etdirir.
Maliyyə Nazirliyinin əməkdaşları və Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının üzvləri tədbirdə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na əsasən yeni Hesablar Planına uyğun mühasibat uçotunun aparılmasında müasir yanaşmalar və maliyyə hesabatlarının tərtibi ilə bağlı təqdimatlarla çıxışlar ediblər.
Tədbirdə 127 büdcə təşkilatının mühasibat uçotu sahəsində çalışan 153 nəfər əməkdaşı iştirak edib.
Qeyd edək ki, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 dekabr 2024-cü il tarixli Kollegiya Qərarı ilə təsdiq edilib.
tag: Maliyyə Nazirliyi,Tədbir,Təqdimat,Konqres Mərkəzi,Todaypress.az,
