İlin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri açıqlandı
2025-ci ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 9562,1 milyon manat proqnoza qarşı 9733,4 milyon manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib.
Bu barədə Malliyyə Nazirliyindən TodayPress-ə məlumat verilib.
Qeyd edilib ki, bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub.
“Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,9 faiz çox icra edilməklə 6113,1 milyon manat təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin 4380,6 milyon manatı və ya 45,0 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3620,3 milyon manatı və ya 37,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1430,5 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 136,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 10,4 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 154,9 milyon manatı və ya 1,6 faizi sair daxilolmaların payına düşür” məlumatda bildirilib.
Həmçinin vurğulanıb ki, 2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 95,0 milyon manat və ya 2,2 faiz, gömrük orqanlarının xətti ilə 30,5 milyon manat və ya 2,2 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,8 milyon manat və ya 20,9 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar üzrə 44,0 milyon manat və ya 17,8 faiz çox, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.
Cari ilin 1-ci rübündə isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 425,0 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 98,9 milyon manat və ya 2,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,2 milyon manat və ya 13,0 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar üzrə 13,5 milyon manat və ya 4,9 faiz çox vəsait daxil olub.
tag: Maliyyə,Dövlət,Büdcə,Açıqlama,Todaypress.az,