Dünya Bankı Azərbaycana 1,5 milyard dollaradək vəsait ayırmağı planlaşdırır
Dünya Bankı Beynəlxalq Yenidənqurma və
İnkişaf Bankının (IBRD) xəttilə növbəti beş il ərzində Azərbaycana 1 milyard ABŞ
dollarından 1,5 milyard dollaradək
vəsait ayırmaq niyyətindədir.
Bu barədə TodayPress-ə Dünya Bankından
məlumat verilib. Maliyyələşdirmənin həcmi kreditləşmənin hansı templə
aparılmasından asılı olacaq.
IBRD-nin 2025-2026-cı maliyyə
illəri üçün ilkin planına Azərbaycan hökumətinin müraciəti əsasında 4-5 yeni
layihə daxil edilib. Orta illik maliyyələşdirmə 250-400 milyon ABŞ
dolları təşkil edəcək. O cümlədən aşağıdakı layihələrə vəsaitin ayrılması
nəzərdə tutulur: məşğulluğun dəstəklənməsi layihəsinə əlavə maliyyə - 150 milyon ABŞ
dolları, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi
(regional proqram çərçivəsində) - 225 milyon ABŞ
dolları, rəqabətqabiliyyətli və dayanıqlı kənd təsərrüfatının, o cümlədən
irriqasiyanın inkişafı layihəsi - 400 milyon ABŞ
dolları, Bakının inkişafı layihəsi – 100-300 milyon ABŞ
dolları.
Bu vəsaitin təxminən yarısının 2025-ci
ilin iyun ayının sonunadək, qalan hissəsinin isə növbəti maliyyə ilində
ayrılacağı gözlənilir.
“Gələcəkdə Dünya Bankı Qrupu uzunmüddətli strategiya
çərçivəsində əlavə əməkdaşlıq tədbirlərinin müəyyən edilməsi üçün Azərbaycan
hökuməti ilə işləməyi planlaşdırır. İlkin dövrdə əsas diqqət aşağı karbonlu
iqtisadiyyata keçid, nəqliyyat əlaqələrinin inkişafı, su resurslarının idarə
edilməsi, maliyyə sektorunda islahatlar və rəqəmsal transformasiyaya
istiqamətlənmiş analitik dəstəyə yönəldiləcək. Bu, proqramının həyata
keçirilməsinin ikinci yarısında yeni investisiya layihələri üçün əsas ola
bilər”, - bankdan qeyd edilib.
2024-cü
il dekabrın əvvəlində Azərbaycanda IBRD-nin ümumi istifadə olunmamış vəsaiti 176,1 milyon ABŞ
dolları olmaqla iki kredit proqramı (məşğulluq və nəqliyyat sahələrində)
qüvvədə idi.
Xatırladaq ki, Azərbaycan Dünya Bankı ilə 1992-ci
ildən əməkdaşlıq edir. Bu müddət ərzində Dünya Bankı ölkəyə 52 layihənin həyata
keçirilməsi üçün 4 milyard ABŞ
dollarından çox vəsait ayırıb.
Azərbaycan IBRD səhmlərinin 0,13 %-nə sahibdir ki, bu da 2
371 səhm təşkil edir. Onların abunəliyi üçün ölkə hökuməti 286 milyon ABŞ
dolları ödəyib. Yaxın vaxtlarda 60,915 milyon ABŞ
dolları dəyərində olan daha 505 səhmin alınması
planlaşdırılır.
tag: Dünya Bankı, Azərbaycan, Yardım, Dollar, IBRD, todaypress.az,