Diplomatlara aylıq təmsilçilik müavinəti hansı qaydada ödəniləcək?
Nümayəndələrə və onların (aparatlarının) işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı aylıq təmsilçilik müavinəti ödənilir.
TodayPress xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.
Nümayəndələrin və onların (aparatlarının) işçilərinin işlədiyi dövlətdə onlarla birlikdə yaşayan 18 yaşına çatmamış uşaqlarının və övladlığa götürdüyü şəxslərin hər biri üçün müvafiq dövlət fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 2 (iki) faizi həcmində müavinət ödənilir. Nümayəndələrə və onların (aparatlarının) işçilərinə işlədikləri dövlətdə onlarla birlikdə yaşayan və yaşı 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladları və övladlığa götürdüyü şəxslər üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş müavinətin ABŞ dolları ekvivalentində məbləğinə bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulan fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğlə milli valyutada ödənilən müavinət arasında olan fərq həcmində müvafiq valyutada aylıq müavinət ödənilir.
Qəbul edən dövlətdə müvafiq vəzifəyə təyin olunarkən nümayəndələrə və onların (aparatlarının) işçilərinə tutduqları vəzifə üzrə dövlət məvacibinin 1 (bir) misli həcmində birdəfəlik yerləşmə müavinəti ödənilir.
Siyahısı “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 6 nömrəli əlavə ilə müəyyən edilən müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə faktiki fəaliyyət göstərən nümayəndələrə və onların (aparatlarının) işçilərinə onların dövlət məvaciblərinə müəyyən edilmiş qaydada fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 30 (otuz) faizi həcmində aylıq kompensasiya ödənilir. Nümayəndələrə və onların (aparatlarının) işçilərinə işlədikləri dövrdə onlara və ya onlarla birlikdə yaşayan ailə üzvlərinə öz xidməti vəzifələrini yerinə yetirərkən dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.
Nümayəndələrin və onların (aparatlarının) işçilərinin qəbul edən dövlətdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Nümayəndələr və onların (aparatlarının) işçiləri və ya ailə üzvləri xaricdə vəfat etdiyi təqdirdə, nəşin Azərbaycan Respublikasına gətirilməsi xərcləri dövlət büdcəsi hesabına ödənilir.
tag: Diplomat,Müavinət,Qayda,Ödəniş,Todaypress.az,