Bank sektorunun aktivləri 12 %-dən çox artdı
Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 54 milyard 855,6 milyon manat təşkil edib.
TodayPress Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 12,2 % çoxdur.
Bankların aktivlərinin 26 milyard 276,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 46,4 %-dən 47,9 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,6 % artaraq 47 milyard 960,8 milyon manata, o cümlədən depozit portfeli 7,1 % artaraq 37 milyard 293,1 milyon manata çatıb.
Bunun 14 milyard 744,1 milyon manatı fiziki, 22 milyard 549 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 14,6 %, şirkətlərin banklardakı vəsaitləri isə 2,8 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 94,2 dəfə azalaraq 0,5 milyon manata enib. Sektorun balans kapitalı isə 9,5 % artaraq 6 milyard 894,9 milyon manat təşkil edib.
tag: Bank,Sektor,Artım,Aktivlər,Todaypress.az,