Xocalıda soyqırımı törətməkdə təqsirləndirilən Beqlaryana hökm oxundu
Kriminal
12.07.2024 13:40
Xocalıda azərbaycanlılara
qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryana
hökm oxunub.
TodayPress xəbər
verir ki, hökm Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli
Süleymanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan edilib.
Məhkəmədə Raşid
Beqlaryanın hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi, hadisəni törədərkdən
anlaqlı olduğu hesab edilib. Məcburi müalicəyə ehtiyac olmadığı bildirilib.
Həmçinin, cinayət
işinin materialları elan edilib. Məhkəmə istintaqının tamamlanması barədə qərar
qəbul olunub. Təqsirləndirilən şəxs məhkəmə istintaqının tamamlanmasına etiraz
etməyib.
Daha sonra dövlət
ittihamçısı R.Beqlaryanın 17 il azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxs
Hüseynov Əkbər Hüseyn oğlu çıxış edərək təqsirləndirilən şəxsə daha ağır cəza
verilməsini xahiş edib: "Əsgər yoldaşımı öldürüb, qanını mənə içiriblər.
Bizi görəndən sonra o gedib Xocalıda danışdı. Yalan deyir, tamaşa etmişəm. Kino
çəkmirdi. Gəlib indi məhkəməyə deyir tanımıram".
Beqlaryan məhkəmədə
son söz deyib: "Məni ixtisasıma görə sürücü kimi orduya çağırdılar. Əmrdən
heç kim qaça bilməz. Mənə nə deyiblərsə, maşına yükləyib daşımışam. Xahiş edirəm
ki, insani və daha yüngül cəza verəsiniz".
Məhkəmə müşavirəyə
yollandıqdan sonra hökm elan edilib. Hökmə əsasən, R.Beqlaryan 15 il müddətinə
azadlıqdan məhrum edilib.
Qeyd edilib ki, o, cəzasının
5 ilini ümumi rejimli həbsxanada, yerdə qalan hissəni isə ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəkəcək.
Qeyd edək ki, Dövlət
Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla
Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı
əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə
verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır
cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin
fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid
Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113,
115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01
sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi,
220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan
işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə
zərərçəkmiş şəxs qismində tanınıblar.
Dindirilməsi zamanı
təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin
törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral
1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət
göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin
sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana
uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran
rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər
verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı
birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın
sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və
yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə
pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər.
Cinayətkar dəstə
üzvləri tərəfindən həlak olanların üzərlərindəki şəxsi əşyalar talan edildikdən
sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.
İfadənin yerində
yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət
əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat
verib. (report.az)
tag: Xocalı, Soyqırımı, Məhkəmə,Raşid Beqlaryan, todaypress.az,