Xırdalanda binadan atılan gənc qızın görüntülərini yayan şəxs həbs olundu
Kriminal
30.07.2024 21:16
Bir neçə gün əvvəl Baş
Prokurorluq tərəfindən şəxsi və ailə həyatına aid sirr olan məlumatların,
istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən informasiyanı ictimailəşdirən
şəxs həbs edilib.
TodayPress xəbər verir ki, bu
barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin cinayət əməllərinə
haqq qazandıran informasiyaların yayılmasının yolverilməzliyi barədə müvafiq xəbərdarlıq
verilməsinə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyd
olunan qanunazidd davranışlar davam etdirilib:
"Belə ki, vətəndaş Xəqani
Hüseynovun “Telegram” informasiya ehtiyatında "Xaqocan” adı ilə
qeydiyyatdan keçdiyi səhifədə "İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri
pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən
kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan səhifədə
Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş
şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, o cümlədən
zorakılığın təbliğinə dair qanunvericiliklə yayılması qadağan edilən məlumatların
yer aldığı bir neçə videogörüntünün ictimailəşdirilməsi müəyyən edilib".
Məlumatda vurğulanıb ki,
X.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə
(internet informasiya ehtiyatında və yayılması qadağan edilən informasiyanın
yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının
alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış
materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilib
və məhkəmənin qərarı ilə sonuncu 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, iyulun 23-də səhər
saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü
A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat
daxil olub.
Aparılan araşdırmalar zamanı
A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən
qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu qəsdən mənzildən
yerə atıldığı müəyyən edilib. Daha sonra hadisə ilə bağlı sosial şəbəkələrdə
yayılması qadağan olunan videogörüntülər paylaşılıb.
tag: Baş Prokurorluq, Xırdalan, Cinayət, Xəqani Hüseynov, todaypress.az,