Qaçaqmalçılığa görə vəzifəli şəxslər həbs edildi
Kriminal
26.08.2024 21:32
Qaçaqmalçılıq
cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri
barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam
etdirilir.
Baş Prokurorluğun
Mətbuat xidmətindən TodayPress-ə verilən
məlumata görə, istintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks”
Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı
Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru
Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu
tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190
min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış
məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə
Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar
keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
Keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək
götürülüb.
Toplanmış ilkin
sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət
Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan
əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə
edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində
müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə
sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin
müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
tag: Qaçaqmalçılıq,Baş Prokurorluq,Korrupsiya,Vəzifəli Şəxslər, todaypress.az,