Axtarışda olan üç nəfər Azərbaycana gətirildi, bir nəfər Rusiyaya təhvil verildi
Kriminal
31.07.2024 20:35
Xarici dövlətlərin səlahiyyətli
orqanları arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla
davam etdirilir.
TodayPress xəbər
verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Rusiya
Federasiyasının vətəndaşı Asmetov Eldar Nail oğlunun cinayət məsuliyyətinə cəlb
edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin
mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq və
cinayətkar birlikdə iştirak etmə maddələri ilə təqsirləndirilərək dövlətlərarası
axtarışa elan edilmiş E.N.Asmetov 2024-cü ilin aprel ayında ölkəmizdə müəyyən
edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət
işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il
tarixli Konvensiyaya əsasən o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin
xüsusi konvoyun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil
verilib.
Həmçinin, Baş Prokurorluğun vəsatəti
əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən beynəlxalq müqavilələrdən irəli
gələn müddəalara uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Məlikov Asif
Aleksandr oğlunun, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən isə
Hüseynov Raqif Hüseynqulu oğlu və Şıxayev Ruslan Nazim oğlunun verilmələri
haqqında qərarlar qəbul olunub.
Belə ki, Asif Məlikovun Cinayət
Məcəlləsinin xeyli ziyan vurmaqla törədilən dələduzluq, Raqif Hüseynovun
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən
külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə,
Ruslan Şıxayevin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməllərini
törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs
qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq
axtarış elan edilib.
Hər üç şəxs Ədliyyə Nazirliyi
Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
tag: Baş Prokurorluq, Rusiya, Axtarış, Asmetov Eldar, todaypress.az,