“Yaşıl Enerji Dəhlizi” ilə bağlı müqavilə imzalandı
İqtisadiyyat
03.09.2024 15:58
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Yaşıl Enerji Dəhlizi”nin yaradılması üzrə nazirlərin, Rəhbər Komitənin Buxarest görüşü dördtərəfli Sazişin icrası və Azərbaycanın Avropanın yaşıl enerji təchizatçısına çevrilməsi istiqamətində mühüm nəticələrlə yekunlaşıb.
TodayPress xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Onun sözlərinə görə, səhmdarlar müqaviləsinin imzalanması ilə Buxarestdə birgə müəssisənin təsis edilməsinə nail olub:
“Layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) həyata keçirilməsinə məsul qurum kimi birgə müəssisə -Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanmasını, növbəti görüşədək Fəaliyyət Planının hazırlanmasını və proseslərin sürətləndirilməsini razılaşdırdıq. Həmçinin Fiber Optik Kabel Xətti ilə bağlı tapşırıqların, Bolqarıstanın inteqrasiyası üzrə məsələlərin TİƏ-yə daxil edilməsi barədə razılığa gəldik” deyə nazir bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) İqlim Liderlərinin Sammiti çərçivəsində “Yaşıl Enerji Dəhlizi” layihəsinə həsr olunmuş yüksək səviyyəli tədbir keiriləcək.
tag: Yaşıl Enerji Dəhlizi ,COP29, İqlim Liderlərinin Sammiti,BMT, Bolqarıstan, todaypress.az,