Yanvarda qeyri-neft ixracı 11 faiz artıb

İqtisadiyyat

11.02.2025 14:10

1427

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.

TodayPress bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir.

İcmalda qeyd olunur ki, 2025-ci ilin yanvar ayında yeyinti məhsulları 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar ayında aqrar məhsullar 10,4% artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 44,3% artaraq 22,2 milyon ABŞ dollarına bərabər olub.

Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, cari ilin birinci ayında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% artıb.

tag: Qeyri-neft ,İxrac,Dollar,Sektor,Todaypress.az,