Xocalı Hava Limanı - Beynəlxalq norma və standartlara uyğun

İqtisadiyyat

09.07.2024 20:54

“Qarabağ və Şərqi Zəngəzurda dördüncü olan Xocalı Hava Limanı ölkəmiz, xüsusən də region üçün böyük strateji əhəmiyyətə malikdir.”

TodayPress xəbər verir ki, bunu Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova bildirib. O qeyd edib ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır:

“Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.”

Onun sözlərinə görə, Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub:

“Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək və hava limanı ən müasir səviyyəyə çatdırılacaq.”

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.

tag: Xocalı Hava Limanı, Aeroport, Nərmin Xəlilova, Şərqi Zəngəzur, todaypress.az,