Türkiyə Türkmənistan qazını barter sxemi ilə alır
Türkiyə Türkmənistan qazını barter sxemi vasitəsilə İran ərazisindən idxal etməyə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.
"Hazırda biz bu qazı İran vasitəsilə Türkiyəyə barter yolu ilə tədarük edirik. Bu müqavilə Türkiyənin tədarükünün təhlükəsizliyi, qaz mənbələrinin genişləndirilməsi və şaxələndirilməsi üçün çox vacibdir" deyə Bayraktar martın 2-si Türkiyənin "A Haber" kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə gələcəkdə Türkmənistandan qaz tədarükünü artırmağı gözləyir. Nazir bildirib ki, orta və uzunmüddətli perspektivdə Türkmənistan qazının Xəzər dənizindən keçən boru kəməri ilə Türkiyə və Avropaya nəqli əslində həm texniki, həm də kommersiya baxımından ən ideal və düzgün yol olardı.
Bundan əlavə, Türkiyə bu həftə İğdırdan Naxçıvana uzanan boru kəməri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qaz nəqlinə başlayacaq. Bayraktar bildirib ki, bu yaxında kəmər işə salınacaq və Türkiyə ilə Naxçıvan arasında yeni əlaqə yaranacaq. Onun sözlərinə görə, Naxçıvanın qaza olan tələbatı bundan sonra Türkiyə vasitəsilə ödəniləcək.
Aysel Mətləb
tag: Türkiyə,Türkmənistan,Enerji,Qaz,İran,Alparslan Bayraktar,todaypress.az,