Tacikistan “CASA-1000"in 2027-ci ildə istifadəyə veriləcəyini açıqladı
Qırğızıstan və Tacikistan enerji sistemlərini Əfqanıstan və Pakistanla birləşdirəcək “CASA-1000” transsərhəd yüksək gərginlikli elektrik ötürücü xəttinin 2027-ci ildə istismara verilməsi gözlənilir.
TodayPress xəbər verir ki, bu barədə Tacikistanın Energetika və Su Ehtiyatları Nazirliyindən məlumat veriblər.
"CASA-1000" layihəsi dörd ölkənin iştirak etdiyi ən böyük regional layihədir. Xoşbəxtlikdən Tacikistan və Qırğızıstanda tikinti işləri başa çatıb. Pakistanda tikinti işləri sürətlə gedir və 2025-ci ilin birinci yarısında başa çatdırılacağı gözlənilir. Əfqanıstan hissəsində isə işlərin 2026-cı ilin sonunadək başa çatdırılacağı təxmin olunur. Layihə 2027-ci ilin iyulunda tam fəaliyyətə başlayacaq" deyə Tacikistanın energetika və su ehtiyatları naziri Daler Cuma bildirib.
Nazir həmçinin bəyan edib ki, 2024-cü ilin fevral ayının əvvəlində Tacikistan “CASA-1000” elektrik xəttinin tikintisi layihəsi üçün demək olar ki, bütün işləri başa çatdırıb, yalnız tənzimləmə və qoşulma ilə bağlı məsələlər qalıb. Qırğızıstanda isə “CASA-1000" layihəsi çərçivəsində enerji infrastrukturunun tikintisi 2024-cü ilin noyabrında başa çatıb.
Qeyd edək ki, “CASA-1000” xətti vahid elektrik enerjisi bazarının və ilboyu enerji ticarətinin yaradılmasına imkan verəcək. Qırğızıstan və Tacikistan yay aylarında Cənubi Asiya ölkələrinə 1300 MVt artıq elektrik enerjisi ixrac edə biləcəklər. Layihə Dünya Bankı Qrupu, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və bir sıra donor təşkilatları tərəfindən dəstəklənir.
Aysel Mətləb
tag: Qırğızıstan,Tacikistan,Əfqanıstan,Pakistan,CASA-1000,Energetika,todaypress.az,