Süni intellekt insanlardan daha zarafatcıldır

İqtisadiyyat

09.07.2024 08:58

Son bir neçə ildə sürətlə inkişaf edən süni intellekt müxtəlif peşələri insanların əlindən alması qorxusunu meydana gətirib. İncəsənət və əyləncə sənayesi işçiləri də bu siyahıdadır və keçən ilki Hollivud tətilləri zamanı bu məsələyə xüsusi diqqət yetirildi.

TodayPress xəbər verir ki, qismən bu narahatlıqların nə qədər real olduğunu yoxlamaq üçün tədqiqatçılar “ChatGPT” və insanların zarafatlarını müqayisə ediblər. “PLOS One” jurnalında dərc edilən araşdırmada 105 iştirakçıdan üç qaydaya uyğun olaraq zarafat yazmaq istənilib. İştirakçılar akronimlərdən hazırcavab ifadələr çıxarmalı, cümlələri yumoristik şəkildə tamamlamalı və hipotetik ssenarilərdə sərt sarkastik zarafatlar etməli idilər.

“ChatGPT 3.5”-ə də eyni göstərişlər verildikdən sonra hər iki tərəfdən zarafatlar qarışdırılaraq 200 nəfərə təqdim edilib.

Kimin hansı zarafat etdiyini bilməyən iştirakçıların 70 faizi süni intellektin daha gülməli olduğunu düşünüblər. Respondentlərin 25 faizi insanların etdiyi zarafatlara üstünlük verib, 5 faizi isə hər iki tərəfin eyni dərəcədə gülməli olduğunu düşünüb.

Araşdırmanı aparan Dru Qorensin fikrincə “ChatGPT" emosiyaları hiss etməsə də, innovativ zarafatları adi bir insandan daha yaxşı edir. Ona görə də bu araşdırma yaxşı zarafat bacarığının olması üçün həqiqətən yaxşı zarafat anlayışına ehtiyac olmadığını sübut edir.

Nəzrin Cavadzadə

tag: ChatGPT, PLOS One, Süni intellekt, Zarafat, todaypress.az,