Sosial sığorta haqları üzrə daxilolmalar 6 ildə 2,5 dəfə artıb

İqtisadiyyat

13.02.2025 12:33

2185

"Əmək bazarında aparılan təşviq siyasəti sosial sığorta yığımlarına müsbət təsir edib”. 

TodayPress xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bunu “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forum iştirakçılarına video müraciətində deyib.   

Onun sözlərinə görə, Dövlət Vergi Xidməti sosial sığorta yığımların operatoru rolunda çıxış edir. Bu yığımların toplanması üzrə səlahiyyətlər DVX-nə həvalə edildikdən sonra və təşviq siyasətinin nəticəsi olaraq sosial sığorta haqları üzrə daxilolmalar son 6 ildə 2,5 dəfə artıb və hazırda 5.7 milyard manatdan çoxdur.   

“Bunun nəticəsində dövlətin sosial sığorta fondunun büdcənin transfertlərindən asılılığı 2018-ci ildəki 35.6 faizdən azalaraq 17,5 faiz təşkil edib. Önəmli göstəricilərdən biri də işəgötürənlərin sayının artımdır. Bu gün ölkədə 120 mindən yuxarı hüquqi şəxs fəaliyyət göstərir ki, bu da vergi ödəyicilərinin sabit inkişafda olan hissəsini əhatə edir. Son bir neçə ildə ölkədə 100 mindən artıq elektron kassa aparatı quraşdırılıb ki, bu kassalar üzrə 2024-cü ildə dövriyyə 24,5 milyard manatdan çox olub. Yeni nəsil kassa aparatları, ictimai nəzarəti təmin edən “ƏDV geri al” layihəsi hesabına dövriyyələrin artımı sürətlənib. Bu xüsusilə ticarət sektorunda müşahidə olunur”.   

Töhfə Səməd

tag: Forum,Vergi,Xidmət,İqtisadiyyat,Todaypress.az,