Quş qripinə görə qoyulan idxal qadağası aradan qaldırıldı: İqtisadi canlanma gözlənilir? - Ekspert
İqtisadiyyat
26.09.2024 17:17
Yüksək patogen quş qripi səbəbindən Azərbaycanın bir çox ölkələrə qoyduğu idxal məhdudiyyəti aradan qaldırılıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu barədə TodayPress-ə danışarkən bildirib ki, idxal məhdudiyyətinin aradan qaldırılması ölkəyə məhsul idxalını asanlaşdıracaq. Eyni zamanda idxalçı sahibkarların öz fəaliyyətlərini şaxələndirmək imkanları genişlənəcək:
“Nəticədə ölkənin daxilində tələbatı qarşılayan məhsulların artması müşahidə olunacaq. Bu, müxtəlif məhsul seqmentləri üzrə ola bilər. Məsələn, hazırda Azərbaycanda ətə təlabat təklifi üstələyir. Ola bilsin bu ölkələrdən hansındansa ət idxalı genişlənsin”.
Ekspert hesab edir ki, bu cür qadağaların aradan qaldırılması iqtisadi sahədə müsbət nəticələr verir.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Tunis vilayətində və Fələstin Dövlətinin Beytləhm əyalətində dabaq, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində və Danimarka Krallığının Şimali Yutlandiya regionunda Nyukasl, Nepal Federativ Demokratik Respublikasının Karnali, Baqmati əyalətlərində, Seneqal Respublikasının Ties regionunda, Albaniya Respublikasının Korça, Fier vilayətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Bu siyahıya, həmçinin Boliviya Çoxmillətli Dövlətinın Koçabamba inzibati ərazi vahidi, Çilinin Libertador Qeneral Bernardo O'Hiqqins regionu, İsveçrə Konfederasiyasının Sürix inzibati ərazi vahidi, Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko və Ayova ştatları da daxildir.
Bununla əlaqədar, Azərbaycanda həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Günəş Mərd
tag: Quş Qripi, Azərbaycan, Virus, Yoluxucu Xəstəlik,Akif Nəsirli ,ABŞ ,todaypress.az,