Qazaxıstanın daha bir şəhərindən Bakıya birbaşa reys açılacaq

İqtisadiyyat

22.01.2025 11:21

Qazaxıstan Şımkent hava limanının yeni terminalından Avropa və Asiyaya, o cümlədən Azərbaycana yeni reyslərin açılmasını planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Məlumata görə, yeni terminal bazasında 14 daxili və 16 beynəlxalq marşrutun açılması planlaşdırılır. Bu, sərnişinlərə Avropa İttifaqı (Aİ) ölkələrinə, Çin, Cənubi Koreya, Cənub-Şərqi Asiya ölkələri, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus və digər populyar beynəlxalq istiqamətlərə səyahət etmək imkanı verəcək.

Qeyd edək ki, hazırda yeni terminalda Qazaxıstan üzrə müntəzəm reyslərə xidmət göstərilir. Yaxın gələcəkdə reyslərin bir hissəsi həm Qazaxıstan, həm də xarici aviadaşıyıcıları qəbul edəcək yeni terminala köçürüləcək. 

Yeni terminalın açılması və aviasiya habının inkişafı ilə regiondan həyata keçirilən istiqamətlərin sayı 45-ə çatacaq. Yaxın planlarda marşrut şəbəkəsinin genişləndirilməsi var. Buraya Bakı istiqamətində genişləndirilmə də daxildir. 

Şımkentin köhnə terminalı həm beynəlxalq, həm də daxili reyslərə xidmət göstərməklə adi rejimdə fəaliyyətini davam etdirir. Gün ərzində təxminən 15 reys həyata keçirilir ki, bunlardan 6-sı daxili, 9-u isə beynəlxalq reysdir. Populyar istiqamətlərə Astana, Almatı, Aktau, Atırau, Semey, Aktöbe, İstanbul, Moskva, Antalya, Dubay, Mədinə, Ciddə, Şarm əl-Şeyx, Phuket və Kutaisi daxildir.

Beynəlxalq zonanın yaradılması başa çatdıqdan sonra köhnə terminal tədricən reyslərdən azad ediləcək. Həm daxili, həm də beynəlxalq istiqamətlər üzrə əsas yük yeni terminala keçəcək.

tag: Qazaxıstan,Azərbaycan,Bakı,Hava yolları,Şımkent,todaypress.az,