Qarlı hava ölkə iqtisadiyyatına necə təsir edib? -AÇIQLANDI
“Qarlı hava şəraitinin iqtisadiyyatda yeni dəyərin formalaşmasına neqativ təsirləri yoxdur”.
TodayPress xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə öz “Facebook” hesabında yazıb.
Azərbaycanda son günlər müşahidə edilən qarlı hava şəraitinin bəzi müəssisələrin onlayn və ya hibrid iş rejiminə keçməsinə səbəb olduğunu vurğulayan V.Bayramov, hava şəraitinin ölkə iqtisadiyyatına təsirləri məsələsində kənd təsərrüfatı və xidmət sektorlarının xüsusi qeyd edilməsinə ehtiyac olduğunu bildirib:
“Mütəxəssislərin qiymətləndirmələrinə görə, qarlı hava şəraiti kənd təsərrüfatında yeni mövsumdə məhsuldarlığa müsbət təsir göstərir. Bu, eyni zamanda potensial su ehtiyatlarının formalaşması baxımdan da faydalı hesab olunur”.
Deputat qarlı hava şəraitin ən çox təsir etdiyi sektorların xidmət, nəqliyyat və ticarət sahəsi olduğunu bildirib. Onun sözlərinə görə, müşahidələr göstərir ki, hava şəraiti xidmət və ticarətdə təklifə, eləcə də, müştərilərin sayına təsir göstərir.
“Azərbaycanda illik ÜDM-in məbləği 126 milyard 300 milyon manatdır. Bu o deməkdir ki, orta hesabla hər ay 10 milyard 525 milyon manatlıq ÜDM istehsal olunur. ÜDM-in 10.7 faizi ticarət sektorunnun payına düşür. Yəni, hər il bu sektorda 13 milyard 514 milyon manatlıq ÜDM formalaşır. Bununla yanaşı, Azərbaycanda artıq onlayn xidmətlərdən sıx istifadə olunduğundan qarlı hava şəraitinin ticarət sektoruna neqativ təsirləri minimumlaşıb. Nəqliyyat sektoru isə 7.0 faizlik paya malikdir. ÜDM-in 35.9 faizi sənayenin payına düşdüyünü də nəzərə alsaq qarlı hava şəraitinin iqtisadiyyatda yeni dəyərin formalaşmasına neqativ təsirləri yoxdur” deyə V.Bayramov yazıb.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Millət vəkili,Qar,Hava,İqtisadiyyat,Todaypress.az,
