“Qarabağ” və “Əşrəfi-Dan Ulduzu-Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalandı
İqtisadiyyat
20.09.2024 20:39
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə
BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağı və
“Əşrəfi - Dan Ulduzu - Aypara” (ADUA) sahəsinə dair Anlaşma Memorandumu
imzalanıb.
Bu barədə TodayPress SOCAR ilə BP-nin birgə
məlumatına istinadən xəbər verir. Birinci blok Bakıdan 120 km
şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə,
suyun 150-200 metr dərinliyində yerləşən
"Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə
imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti
Sazişi (RXS) var. Hazırda SOCAR SazişRXS-də 100 % iştirak
payına malikdir.
İkinci blok Bakıdan 90-110 km
şimal-şərqdə, suyun 80-180 metr
dərinliklərində yerləşən "Əşrəfi - Dan Ulduzu - Aypara" (ADUA)
sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları
əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə
2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud
saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 %-nə
malikdir.
"Əsrin müqaviləsi”nin 30-cu ildönümündə SOCAR ilə BP
arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığı daha da genişləndirəcək
Anlaşma Memorandumunun imzalanmasından məmnunluğumu ifadə edirəm. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə otuz il öncə imzalanan
“Əsrin müqaviləsi” ölkəmizin enerji sektorunda əldə etdiyi tarixi uğurların
əsasını qoydu. Biz Ulu Öndərimizin müəyyənləşdirdiyi enerji strategiyasına
uyğun olaraq, Xəzər dənizində enerji sektoru üzrə tərəfdaşlığımızın
genişləndirilməsinə, innovasiyaların tətbiqi ilə davamlı inkişafımızın təmin
olunması istiqamətlərində fəaliyyətlərimizi davam etdiririk” deyə SOCAR-ın
prezidenti Rövşən Nəcəf bildirib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Qəri Counz “Qarabağ və ADUA bloklarının kəşfiyyatı və işlənməsində
iştirakı ilə bağlı SOCAR-la müzakirələrə başlamağa imkan verən anlaşma
memorandumunu imzalamaqdan məmnunluq ifadə edib: "Biz bunu SOCAR-la 30
illik uzun və çox uğurlu tərəfdaşlığımızın davamı olaraq birgə işləməyə imkan
verəcək növbəti gözəl imkan kimi görürük. İnanırıq ki, bu iki blokun işlənməsi
və kəşfiyyatında iştirakımız mümkün sinerjilər vasitəsilə layihələrin
irəliləyişini sürətləndirə bilər. Belə ki, biz birlikdə bu blokların işlənmə
variantlarını müəyyənləşdirərkən elə ssenarilər ola bilər ki, onlar bu regionda
əməliyyatçısı olduğumuz dünya səviyyəli infrastrukturdan ən səmərəli şəkildə
istifadə etməyə imkan yaradar. Bu, həm də hər iki layihəyə BP-nin qlobal
təcrübəsinə, texniki və kommersiya biliklərinə, qabaqcıl texnologiyalarına və
maliyyə resurslarına çıxışı təmin edərdi. Bu əhəmiyyətli biznes imkanının
həyata keçəcəyinə və onun reallaşmasında SOCAR-ın dəstəyinə inanırıq".
tag: SOCAR,“Əşrəfi - Dan Ulduzu – Aypara,Qarabağ,Saziş, todaypress.az,