“Qara qızıl”ın gələcək taleyi necə olacaq? - PROQNOZ
İqtisadiyyat
29.08.2024 16:32
“Neftin qiymətinin qalxıb-enməsinə müxtəlif amillər təsir göstərir. Buna başlıca səbəb isə tələb-təklif məsələsidir”.
Bu sözləri TodayPress-ə verdiyi açıqlamada iqtisadçı ekspert Elman Sadıqov bildirib. O, neftin hansı amillərə əsasən qiymətinin dəyişdiyinə aydınlıq gətirib:
“Tələb-təklif məsələsinin neftin qiymətinə kəskin təsirini müəyyən dərəcədə yumşaltmaq üçün yol artıq tapılıb. Bu, “OPEC+” ölkələrinin faktiki olaraq təklifi tənzimləməsi ilə mümkün olur. Yəni istehsalı azaldıb, təklifi də azaldırlar. Bu strategiya nəticəsində qiymətləri sabit saxlamaq mümkün olur. Bu metod indiyə qədər özünü doğruldub. Lakin azalan payın bir hissəsini müəyyən dövr ərzində ABŞ öz neft istehsalını artırmaqla ələ keçirir. Hər bir halda təklifi tənzimləməklə bazarda müəyyən qiymət sabitliyi yaradılır”.
Ekspert təsir göstərən ikinci amil kimi, spekulyativ məsələləri göstərib. Onun sözlərinə görə, gündəlik fiziki olaraq alınıb-satılan neftdən 10 dəfə daha çox fyuçers əməliyyatları həyata keçirilir:
“Əslində neft birjalarında alınıb-satılan neft heç də hər zaman istehlak üçün nəzərdə tutulmur. Bunun yalnız 10-15 faizi bu məqsəd üçün istifadə olunur. 85-90 faizi isə faktiki olaraq gündəlik spekulyativ əməliyyatların payına düşür. Bu da müəyyən qədər təsir gücünə malikdir”.
İqtisadçının fikrincə, mediada yayılan xəbərlər, məsələn "Yaxın Şərqdə vəziyyət gərginləşdi", "Sülh müqaviləsinin imzalanması yaxındır" kimi məsələlər də birjalara ciddi təsir göstərir. Həmçinin dünyanın müxtəlif istiqamətlərində baş verən gərginliklər də bura daxildir. Bundan başqa, neft hasil edən ölkələr var ki, Venesuela, İran və s. bunlara qarşı hazırda embarqolar tətbiq edilir:
“Lakin bu embarqolar uzunmüddətli olduqları üçün artıq qısa və orta müddət üçün təsirləri neytrallaşıb. Yəni bazar buna artıq adaptasiya olub. Əksinə bu embarqolar götürülərsə, bazara böyük bir neft hasil olunacaq ki, bu da bazardakı qiymətlərə kəskin təsir göstərə bilər”.
Elman Sadıqovun qənaətincə, bu il ərzində əgər hər hansısa zəlzələ, ani müharibə, Yaxın Şərqdə vəziyyətin kəskin gərginləşməsi və s. kimi hadisələr baş verməzsə, “Brent” markalı neftin qiymətinin 70-85 ABŞ dolları arası qalacağı proqnozalaşdırılır. Lakin əksinə geosiyasi vəziyyət stabilləşərsə və regionda sülh müqavilələri imzalanarsa, bu zaman neftin qiymətinin aşağı düşməsi müşahidə olunacaq. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 72-87 dollar arasında dəyişə bilər. İlin sonuna qədər neftin qiymətində kəskin düşüş gözlənilmir. Azərbaycan üçün bu sahədə hər hansısa bir risk yoxdur. Növbəti il üçün neftin qiymətinin proqnozlaşdırılmasında bu ilin noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkiləri böyük rol oynayacaq.
Töhfə Səməd
tag: Azərbaycan, Neft, Dünya, İqtisadiyyat, Elman Sadıqov,Birja, todaypress.az,