Ölkədə qiymət artımı dalğası nə vaxt dayanacaq? - Ekspert açıqlaması

İqtisadiyyat

11.09.2024 12:48

“Azərbaycanda ərzaq və qeyri-ərzaq qiymətlərinin artmasının özünəməxsus səbəbləri var”  

İqtisadçı Natiq Cəfərli bunu TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu yaxınlarda dizel yanacağının qiymətinin artırılması ərzaq qiymətlərinin xeyli bahalaşacağını qaçılmaz edib: 

“Çünki kənd təsərrüfatında ərzaq məhsullarının istehsalında, daşınmasında dizel yanacağı mühüm rol oynayır.  Bəzi hallarda ərzaq məhsullarının, məsələn aqrar sahədə kənd təsərrüfatı məhsullarının əkilməsini, emalını, biçilməsini və daşınmasının hamısını bir yerdə saysaq, dizel yanacağının onların maya dəyərindəki payı 30-35 faiz olur. Və dizel yanacağı birdən-birə bu qədər bahalaşırsa, təbii ki, ərzaq da bahalaşır”.  

Ekspert hesab edir ki, ölkədəki qiymət artımlarının digər səbəbi vergi siyasətidir: 

“Azərbaycanda vergi haqları çox yüksəkdir. Əsasən də, ərzaq və dərman preparatlarının qiymətində. Ərzaqın 70-75 faizini, dərmanın isə 95 faizə yaxınını xaricdən alırıq və üzərinə 18 faizlik əlavə dəyər vergisini qoyuruq. Bunun özü də sonda qiymət artımına gətirib çıxarır”. 

İqtisadçı qeyd edib ki, cərimələr, eləcə də tarif şurası tərəfindən tənzimlənən qiymətlər də xeyli artırılıb. Bütün bunları nəzərə aldıqda müxtəlif istiqamətlərdə qiymət artımlarının baş verməsi olduqca təbiidir.

Günəş Mərd

tag: Azərbaycan, Ərzaq, Bahalaşma,Qiymət ,Natiq Cəfərli, Vergi ,todaypress.az,

photo